Azərbaycan qadını əsrlər boyu öz sədaqəti,müdrikliyi,fədakarlığı,uzaqgörənliyi və qəhrəmanlığı ilə xalqımızın başını uca tutmuş və tariximizin bütün mərhələlərində istər cəmiyyətdə, istərsə də ailədə, çətin məqamlarda taleyüklü məsələlərin həll edilməsində mühüm rol oynamışdır. Bu qadınlardan bir çoxlarının adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazılmışdır.
XX əsr Azərbaycan tarixinin görkəmli simalarından biri, əsl Azərbaycan qadınının parlaq nümunəsi, xeyirxah insan, nəcib qadın,vəfalı ömür-gün yoldaşı, qayğıkeş ana, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz tövhələr vermiş böyük oftalmoloq alim, akademik, xalqın sevimlisi Zərifə xanım Əliyevanın anadan olmasının 100-cü il dönümü ərəfəsində onun şərəfli ömür yoluna bir daha nəzər salırıq və bu dahi şəxsiyyəti dərin qürur, hörmət və məhəbbətlə anırıq.
Ülvi insani keyfiyyətləri ilə mənəvi ucalığın zirvəsini fəth edən unudulmaz şəxsiyyət Zərifə xanım Əliyeva bütün varlığı ilə çevrəsinə nur saçan bir insan olmuşdur.Təsadüfi deyil ki, onun seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək amalına xidmət etmişdir.
Zərifə xanımın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar və qazandığı nailiyyətlər Azərbaycan tibb elminin parlaq səhifəsidir.Elmi və praktiki fəaliyyəti dövründə yüzlərlə xəstəyə şəfa bəxş etmiş Zərifə xanım öz peşəkarlığı və yüksək insani keyfiyyətləri sayəsində ona pənah gətirən insanların qaranlıq dünyasını işıqlandırmışdır. Təbii ki, bu yolda ona təkcə biliyi və bacarığı deyil, həm də böyüdüyü ailədən irəli gələn yüksək mənəvi dəyərlər, insani keyfiyyətlər və elmə olan sonsuz maraq dəstək olmuşdur.
Zərifə xanım Əliyeva görkəmli dövlət və elm xadimi, pedaqoq-alim, professor Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır.Azərbaycan səhiyyə sisteminin inkişafında misilsiz xidmətləri олан Əziz Əliyev yüksək intellekti, möhkəm iradəsi və parlaq zəkası ilə onu əhatə edənlərin dərin rəğbət və hörmətini qazanmışdır. Azərbaycanın səhiyyə və dövlətçilik tarixində öz sözünü demiş professor Əziz Əliyevin qazandığı uğurların əsasında soy-kökdən gələn fitri istedadla yanaşı, ailə ənənələrindən doğan çalışqanlıq, məsuliyyət, daxili intizam və mədəniyyət dayanırdı.
Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanımın həkimlik sənətini seçməsində ailə ənənəsini davam etdirmək istəyi də mühüm rolu olmuşdur.Böyüdüyü ailəyə məxsus ziyalılıq, zəhmətkeşlik, səmimilik, xalqa və vətənə məhəbbət Zərifə xanımın gələcək həyatında öz əksini tapmışdır.
Zərifə xanım hər zaman öz sadəliyi ilə seçilirdi.Atasının yüksək dövlət vəzifələrində çalışması və ailəsinin cəmiyyətdəki statusuna baxmayaraq, Zərifə xanım digər tələbə yoldaşlarından fərqlənmir, bu üstünlüyü heç bir zaman hiss etdirmirdi. Tələbə yoldaşları öz xatirələrində qeyd edirlər ki, Azərbaycanın görkəmli elm və dövlət xadiminin ailəsində böyüməsinə baxmayaraq Zərifə Əliyeva öz sadəliyi ilə bizim heç birimizdən seçilmirdi, əksinə, daha çox çalışqanlığı, mehribanlığı, intizamlılığı ilə bizə xoş bir nümunə idi.
Xeyirxahlığına, yüksək intellektinə, diqqət və qayğısına görə hər bir kəsin hörmət və məhəbbətini qazanmış Zərifə Əliyeva ilk növbədə böyük ziyalı,nurlu şəxsiyət idi.Zərifə xanım Əliyeva Azərbaycanın səhiyyə sahəsində silinməz iz buraxmışdır. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri zəngin və çoxşaxəlidir. Tibb elmində bir çox yeniliklərə imza atmış Zərifə xanım Əliyeva Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan yorulmaz alim idi.
Zərifə xanımın həkimlik və alimlik fəaliyyətinin böyük bir dövrü, o cümlədən, doktorluq dissertasiyası artıq sənayesi surətlə inkişaf edən Azərbaycanda gözün yeni bir spesifik xəstəliyinin-peşə xəstəliyinin müalicə və profilaktikasına həsr edilmişdir. Azərbaycanlı alim dünyada ilk dəfə olaraq peşə patalogiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktiki olaraq elm aləmində yeni bir istiqamətin – peşə oftalmologiyasının əsasını qoymuşdur. Apardığı tədqiqatların gedişində “Göz yaşının axmasının fiziologiyası”, “Gözün və görmə sinir yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik fizioloji təbiəti” və s. kimi onlarla elmi məqalələr və monoqrafiyalar çap etdirmişdir.
Görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqat işlərinin uğurlu nəticələrinə görə akademik Zərifə Əliyeva keçmiş SSRİ-nin oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülüb. Keçmiş SSRİ-də bu mükafatı alan ilk qadın alim kimi onun adı oftalmologiya elminin tarixinə düşmüşdür.
Görkəmli alim, vaxtilə Azərbaycanda geniş yayılmış traxoma xəstəliyinin araşdırılması,profilaktikası və müalicəsinin, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanım Əliyeva müxtəlif xəstəliklərin diaqnostikası və müalicəsi problemləri ilə yanaşı, həkim etikası və tibbi deontologiya məsələləri ilə də maraqlanıb. O, gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həlli məsələlərinə böyük diqqət göstərib. Onun “Yüksək etimad” kitabı cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfədir.
Qeyd etmək istərdim ki,məhz Zərifə xanımın təşəbbüsü ilə Bakıda ilk dəfə Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir.Bu plenumda dünyanın görkəmli oftalmoloqları iştirak etmişdir. Belə mötəbər tədbirin Bakıda keçirilməsi Azərbaycan Oftalmologiyasının yüksək səviyyəsinin və Zərifə xanıma qarşı olan böyük hörmətin nümayişi idi.
Zərifə xanım elmi fəaliyyətində təkcə elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş,eyni zamanda,yüksəkixtisaslı gənc kadrların yetişdirilməsinə və oftalmoloq həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirmişdir. Onun birbaşa rəhbərliyi ilə gənc alimlərin və həkim oftalmoloqların böyük bir nəsli yetişmişdir.
Zərifə xanım çoxillik elmi, pedaqoji, müalicəvi, ictimai fəaliyyəti nəticəsində qazandığı uğurlara gör bir sıra orden və medallara layiq görülmüş,Аzərbaycanın Əməkdar Elm xadimi fəxri adını almışdır.Bütün bunlarla yanaşı,Zərifə xanım uzun müddət Sülhü Müdafiə Komitəsinin üzvü,Azərbaycan “Bilik” Cəmiyyətinin üzvü,Oftalmoloqların Elmi Cəmiyyətinin Rəyasət Heyətinin üzvü,”Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü olmuşdur.
Zərifə xanım, eyni zamanda,Azərbaycan xalqının Ümummilli lideri,müasir dünya tarixində parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi,müstəqil dövlətimizin qurucusu,mənalı ömür yolunu xalqın rifahına həsr etmiş müdrik dövlət xadimi Ulu Öndər Heydər Əliyevin sədaqətli ömür gün yoldaşı,etibarlı dostu və dayağı idi.Ən çətin zamanlarda belə Zərifə xanım Ulu öndərimizi tək qoymayaraq,sonsuz sevgisi, qayğısı və fədakarlığı ilə onun yanında olmuşdur. Respublikanın birinci şəxsinin həyat yoldaşı olmaq çox böyük məsuliyyət idi.Bu məsuliyyət Zərifə xanımın üzərinə mühüm öhdəliklər qoyurdu. Lakin bu işdə də Zərifə xanım davamlı bir mövqe tutmuşdu və Ulu öndər Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməzdən əvvəl mövcud olan sadə həyat tərzini və prinsiplərini dəyişməmişdi.
Qarşılıqlı məhəbbət üzərində qurulan bu ailə çox xoşbəxt idi. Zərifə xanım Əliyeva həkimlik peşəsini və apardığı elmi tədqiqatları müvəffəqiyyətlə davam etdirsə də, əsl azərbaycan qadını kimi ailəsinin qayğılarının da öhdəsindən məharətlə gəlirdi.Zərifə xanımın ailəsi üçün necə əvəzsiz dəyər kəsb etdiyini həyat yoldaşı – Ulu Öndər Heydər Əliyev özü də dəfələrlə vurğulamışdır. “Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda о, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. О, çox istedadlı,xeyirxah, çox sadə insan idi.Mən bu barədə çox danışa bilərəm.Ailəmin yaşaması,bu günlərə çatması,övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm.On il keçsə də,onu bir dəqiqə belə unutmuram və unutmayacağam.Mənim övladlarım da bu əhval-ruhiyyədədirlər.Onlar bu əhval-ruhiyyə ilə tərbiyələniblər,formalaşıblar.”
Cəmiyyətin inkişafında fəal rol oynayan Zərifə xanım ailəsinə son dərəcə bağlı gözəl ana idi. Öz analıq missiyasını sevimli peşəsi ilə birləşdirən bu nəcib xanım,bu böyük məsuliyyəti öz zərif çiyinlərində şərəflə daşıyırdı. Analıq vəzifəsinin öhdəsindən layiqincə gəlmiş Zərifə xanım, qəlblərində daim Azərbaycan sevgisi yaşayan, xalqını sevən,vətənimizin qüruru sayılan dəyərli övladlar yetişdirmişdir.
Yüksək mənəvi dəyərlərin,sarsılmaz əqidənin,sonsuz sevgi və qayğının mövcud olduğu belə bir ailədə İlham Əliyev kimi dahi şəxsiyyət,müdrik siyasətçi, yenilməz sərkərdə və dünya miqyasında öz sözünü demiş bir lider doğulub boya-başa çatmışdır. Cənab prezident Ali Baş Komandan İlham Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən islahatların, uzun illər aparılan uzaqgörən siyasətin və eyni zamanda, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqincə davam etdirilməsi sayəsində biz bu gün qalib ölkənin vətəndaşlarıyıq.Bu möhtəşəm qələbəyə məhz dövlət başçımızın düzgün qərarları və sarsılmaz qətiyyəti nəticəsində şanlı ordumuzun şücaəti ilə nail olmuşuq.Xalqa xidmət amalını bir ailə ənənəsi kimi hər zaman yaşadan möhtərəm prezident cənab İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti,gördüyü bütün işlər insan amilinə dayanırdı.Çünki o həm peşəkar həkim,eyni zamanda çox xeyirxah insan idi.Böyük lider,Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı olan Zərifə xanım bütün işlərdə ona dayaq olur,onu dəstəkləyirdi.Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir.Mən çox xoşbəxtəm ki,Zərifə xanım kimi anam olmuşdur.”
Bugün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini layiqincə davam etdirir.Yüksək keyfiyyətləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım,milli-mənəvi sərvətlərimizin qoruyucusudur.O,Azərbaycanda təhsilin,səhiyyənin,mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini təcəssüm etdirir.
Zərifə xanımın yaşadığı dərin mənalı ömür,keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı üçün həyat məktəbi və mənəviyyat nümunəsidir.Son dərəcə vətənpərvər insan,ləyaqətli şəxsiyyət,vətənimizi dünya miqyasında tanıdan böyük alim,səmimi dost,ailə səadətinin keçikçisi,fədakar ana və gözəl insan…Bu gün Zərifə xanım Əliyeva Azərbaycan xalqının ürəyində məhz belə yaşayır.
Ədliyyə Nazirliyi,
Tibb baş idarəsi Hospitalının Qəbul bölməsinin rəisi,
tibb xidməti mayoru Tağıyeva Aytən Zahid qızı