Azərbaycanı müstəqilliyə aparan qüdrətli LİDER – Tənzilə Rüstəmxanlı yazırbackend

Azərbaycanı müstəqilliyə aparan qüdrətli LİDER – Tənzilə Rüstəmxanlı yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanı öz həyatının mənası bilən Ulu Öndərin xalqımız qarşısında xidmətləri unudulmazdır. Dahi liderin Azərbaycanda siyasi hakimiyyətə gəlişi xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə dönüş anı, şərəfli bir tarixin başlanğıc günü kimi həkk olunub.

1969-cu ilin tarixi 14 iyul günündə Azərbaycan xalqı böyük və unudulmaz bir hadisə yaşadı. Həmin gün Ulu Öndər Heydər Əliyev Sovet İttifaqının tərkibində olan Azərbaycana rəhbərlik etməyə başladı. Hakimiyyətə gəlişi ilə Ulu Öndər bütün sahələrdə geridə qalan, tənəzzül dövrünü yaşayan Azərbaycanı qısa zaman kəsiyində keçmiş İttifaqın ən qabaqcıl respublikalarından, sənaye mərkəzlərindən birinə çevirdi, ölkəmizi gerilik bataqlığından xilas etdi.

1969-cu ilə qədər SSRİ-nin aqrar əyaləti kimi tanınan Azərbaycan həmin tarixdən sonra inkişaf etmiş sənaye ölkəsinə, elmi-texniki tərəqqinin geniş şəkildə tətbiq olunduğu respublikaya, yüksək mədəniyyəti ilə bütün dünyada tanınan diyara çevrilib. Bu, Heydər Əliyev siyasi müdrikliyinin və uzaqgörənliyinin göstəricisi idi.

Sonralar həmin dövrdə həyata keçirdiyi tədbirlərdən danışan Ulu Öndər Heydər Əliyev demişdir: “Bəli, mən istəyirdim ki, Azərbaycan müstəqil olsun. Hər şeydən əvvəl, iqtisadi cəhətdən. Çünki istənilən müstəqilliyin əsasında iqtisadiyyat durur”.

Həmin illərdə ölkə birmənalı şəkildə bütün istiqamətləri üzrə müstəqilliyə hazırlanırdı. 1969-1982-ci illərdə müstəqil dövlətçiliyimiz üçün həyati əhəmiyyət kəsb edən milli kadr hazırlığının da ön planda olduğunu vurğulamaq lazımdır. Ümümmili Lider Heydər Əliyev milli kadrların hazırlanmasında mühüm baza rolunu oynayan elmin, təhsilin inkişafına da xüsusi diqqət yetirib.

Təsadüfi deyil ki, həmin illər həm də Azərbaycanda elm və təhsilin inkişaf dövrü kimi xatırlanır. Bu da təsadüfi deyildi. Çünki bu dahi şəxsiyyət yaxşı bilirdi ki, Azərbaycanın tərəqqisinin yeganə yolu məhz xalqın yüksək təhsil almasında, maariflənməsindədir.

Ulu Öndərimiz ölkənin və xalqın taleyində, hərtərəfli tərəqqisində, uğurlar qazanmasında təhsilin xüsusi rolunu, əhəmiyyətini həmişə nəzərə almış, yüksək dəyərləndirmişdir.

Heydər Əliyev ölkəyə birinci dəfə rəhbərlik etdiyi dövrdə onun danılmaz xidmətlərindən biri də Ordumuzun gücləndirilməsi, milli hərbi kadrların hazırlanması məqsədilə, imperiya rəhbərlərinin etirazına baxmayaraq, Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin açılmasına nail olub.

Ümummilli Liderimizin 70-ci illərdə başladığı hərbi quruculuq prosesi ikinci dəfə müstəqillik qazanan Azərbaycan Silahlı Qüvvələrinin zabit heyətinin formalaşmasında müstəsna rol oynayıb.

Ümummilli Liderimizin xalqa xidmətdə keçmiş parlaq və mənalı ömrünün hər anı siyasi təqvimimizdə özünəməxsus yerə malikdir. O, nəinki müstəqil Azərbaycan dövlətçiliyinin əbədiliyini təmin edib, həm də müstəqil, milli dövlətçiliyin əsasını qoyub, yeni idarəçilik məktəbi formalaşdırıb.

Zaman keçdikcə Heydər Əliyev şəxsiyyətinin böyüklüyü və əzəməti, onun xalqımızın naminə gördüyü xilaskarlıq və quruculuq işlərinin möhtəşəmliyi daha aydın görünür. Heydər Əliyev ölkəni bütün istiqamətləri üzrə müstəqilliyə hazırlayırdı.

Ulu Öndərimiz bu gün cismən aramızda olmasa da, onun işıqlı yolu uğurla davam edir. Bu yolu layiqincə davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli dövlətə çevrilib.