Bakı və Ankaranın Şərqi Zəngəzurdan Ermənistana hərbi baxışı: İrəvana mesaj – ŞƏRHbackend

Bakı və Ankaranın Şərqi Zəngəzurdan Ermənistana hərbi baxışı: İrəvana mesaj – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İşğaldan azad edilmiş Laçın rayonunda Azərbaycan-Türkiyə birgə hərbi təlimləri keçirilir.

Birgə təlimlərdə yenilik ondan ibarətdir ki, hərbi məşqlər yeni coğrafiyaya daşınır, Azərbaycan-Türkiyə hərbçiləri ilk dəfədir ki, işğaldan azad edilmiş ərazilərdə təlimlərə başlayıb.

Təlimin simvolik əhəmiyyətini qeyd etmək üçün bir məsələni xatırladaq: Laçın rayonu Şərqi Zəngəzur iqtisadi rayonuna daxildir.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı fotolardan aydın olur ki, bu təlimlərdə xüsusi təyinatlı qüvvələr iştirak edir.

Təlimdə əsas məqsəd döyüş əməliyyatlarının aparılması zamanı qarşılıqlı fəaliyyətin və döyüş uzlaşmasının təkmilləşdirilməsinə, o cümlədən komandirlərin hərbi qərar qəbuletmə və bölmələri idarəetmə bacarıqlarının inkişaf etdirilməsinə yönəldilib.

Digər bir məqama diqqət çəkək: Laçın Ermənistanla sərhəddə yerləşir, indi Azərbaycan və Türkiyə hərbçiləri Ermənistanla sərhəddən İrəvana mesaj verir.

Dövlət sərhədinin digər istiqaməti – Naxçıvanda da xüsusi təyinatlıların birgə təlimi keçirilib.

Bir sözlə, Azərbaycan hərbi təlimlərin xarakterini möhkəmləndirmək üçün birgə təlimlərin sayını artırır.

Laçında keçirilən hərbi təlimlə bağlı Müdafiə Nazirliyinin məlumatında belə bir cümlə keçir:

“Təlimdə müasir döyüş texnikası və digər hərbi vasitələrin çətin relyef şəraitində istifadə etmə vərdişlərinin artırılmasına xüsusi diqqət yetirilib”.

Hərbi texnikaların növü açıqlanmır, elə əsl mesaj da bu cümlədə gizlənib. Demək ki, müasir döyüş texnikaları Laçına da yerləşdirilib və bu, Azərbaycanın hərbi üstünlüyünü artırır, texnikaların modelinin açıqlanmaması isə düşməni lərzəyə salır, intizarda qala-qala isterik vəziyyətini ağırlaşdırır.

Laçındakı təlim Şərqi Zəngəzurdan Qərbi Zəngəzura birgə ortaq baxışdır, Ermənistanda isə hələ də Vətən müharibəsi zamanı məhv edilən ordunun komplektləşdirilməsinə cəhdlər edilir.

Fikir verin ki, Ermənistan Müdafiə Nazirliyi ehtiyatda olan hərbçilərin toplanışını həyata keçirəcək.

Ermənistandakı təlimlər sentyabrın 15-dən dekabrın 15-nə qədər davam edəcək.

Bu əslində müharibəyə hazırlıq kimi dəyərləndirilə bilməz, müharibə üçün orduda texnika və texniki resurslar da olmalıdır.

Sadəcə ordunu komplektləşdirə bilməyən Ermənistan hərbi-siyasi rəhbərliyi şəxsi heyətlə bağlı boşluğu aradan qaldırmağa çalışır.

Azərbaycan ordusu isə komplektləşib, üstəgəl çağırışları qanunvericiliyə uyğun olaraq həyata keçirir, fərarilik halları yoxdur, əksinə Vətən müharibəsindən sonra orduda xidmət keçmək şərəfli bir missiya kimi dərk edilir.

Bunlar azmış kimi Azərbaycan ən müasir silahların tədarükünü də həyata keçirir, birgə təlimləri intensivləşdirir.

Proqnozlaşdırmaq olar ki, Azərbaycan-Türkiyə birgə təlimləri gələcəkdə işğaldan azad edilmiş digər ərazilərdə də keçiriləcək.

Ümumilikdə Laçında keçirilən təlimi isə düşmənin bağrını dəlib keçən psixoloji həmlə kimi də dəyərləndirmək olar.

Ona görə də, Ermənistan nə qədər gec deyil, tez götür-qoy etməlidir və belə bir gücün qarşısında tab gətirməyəcəyini, məhv olacağını anlamalıdır. Laçından verilən birgə mesajdan dərs çıxarmalıdır, qeyri-konstruktiv mövqedən əl çəkməlidir.