Bakıda icra başçısının skuter alveri: paytaxt sakinləri kömək istəyir – FOTObackend

Bakıda icra başçısının skuter alveri: paytaxt sakinləri kömək istəyir – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Səbail rayonunda Fəvvarələr meydanında skuterlərin hərəkətinə tətbiq edilən qadağa qeyri-qanuni şəkildə aradan qaldırılıb.

Bu barədə İnterpress.az-a bir qrup şəhər sakini məlumat verib.

Sakinlər deyir ki, bir müddət əvvəl paytaxtın “Tarqovı” kimi tanınan ərazisində skuterlərin hərəkətinə qadağa qoyulsa da, sonradan bu məhdudiyyət naməlum şəkildə götürülüb.

Onlar iddia edir ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalovun göstərişi ilə əraziyə skuterlərin yerləşdirilməsi üçün qeyri-rəsmi icazə verilib. Bir qədər də dəqiqləşdirsək, ərazinin skuterlərin istifadəsi üçün icra başçısı tərəfindən gündəlik 100 manat məbləğində icarəyə verildiyi iddia olunur.

Paytaxt sakinləri və şəhərimizin qonaqları isə skuterlərin hərəkətinin onlara mane törətdiklərini söyləyirlər.

Asudə vaxtlarını səmərəli keçirmək üçün ailə üzvləri və ya dost və rəfiqələri ilə Fəvvarələr meydanında gəzintiyə çıxan sakinlər hər tərəfdən şütüyən skuterlərin piyadaların hərəkətini çətinləşdirdiyini bildirirlər.

Ərazidə skuterlərə nəzarətlə məşğul olan və adının açıqlanmasını istəməyən şəxs isə saytımıza bildirib ki, burada skuterlərə tətbiq edilən qadağa barədə onun heç bir məlumatı yoxdur. O, sadəcə skuterlərə nəzarət etdiyini və bunun müqabilində gündəlik maaş aldığını söyləyib. Onun sözlərinə görə, skuterlərin sahibi burada onların istifadəsi üçün Səbail Rayon İcra Hakimiyyətindən icazə alıb.

Ümid edirik ki, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov Fəvvarələr meydanında skuterlərin hərəkətinə tətbiq edilən qadağanı bərpa edəcək və piyadaların sərbəst və təhlükəsiz hərəkətinin təmin olunmasına şərait yaradacaq.