Bakıda kişi küçədə keçmiş arvadını və qayınatasını döydü – ÖZƏLbackend

Bakıda kişi küçədə keçmiş arvadını və qayınatasını döydü – ÖZƏL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ali Məhkəmədə xuliqanlıqda təqsirləndirilən Sərdar Namazovun (şərti) barəsindəki hökmdən verilən kassasiya protesti və kassasiya şikayətinə baxılıb.

İnterpress.az-ın əldə etdiyi özəl məlumata görə, hakim İlkin Rəcəbovun sədrlik etdiyi prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya protesti və kassasiya şikayəti təmin edilməyib.

İttihama görə, Sərdar Namazov Suraxanı rayonu ərazisində yerüstü piyada keçidinin pilləkanı üzərində keçmiş arvadı Səbinə Əliyevanın (şərti) saçından tutub yerə yıxaraq sürükləyib. Daha sonra ayaq zərbələri ilə qadının müxtəlif bədən nahiyələrinə zərbələr endirməyə davam edib. Ardınca Sərdar Səbinəyə məxsus “Xiaomi” markalı, “Mi 5” modelli mobil telefon aparatını qısqanclıq niyyəti ilə əlindən almaq istəyib. Qadın isə ona müqavimət göstərib. Keçmiş ər dişləri ilə zərərçəkmiş şəxsin sol əlini dişləyib, telefonu qadının baş nahiyəsinə ardıcıl zərbələr endirib.

Bundan başqa, Sərdar Namazov Suraxanı rayonu, Bülbülə qəsəbəsində keçmiş qayınatası Sabir Əliyevlə tutan söhbət zamanı əlində saxladığı planşetin yaddaşında onun qızı Səbinə ilə əlaqəli əxlaq normalarına zidd məlumatların olmasını iddia edib. Lakin sabiq qayınata onun dediklərinə məhəl qoymayıb. Bu zaman Sərdar əli ilə kişinin baş nahiyəsinə zərbə vurub. Nəticədə Sabir Əliyev qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, boyunun sağ yan səthinin sıyrığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərərvurmaya aid xəsarətlər yetirib.

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin (CM) 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək 9 ay müddətinə azadlıqdan məhrumetmə növündə cəza təyin edilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmişlə təqisləndirilən şəxs isə apellyasiya şikayəti veriblər.

Bakı Apellyasiya Məhkəməsi zərərçəkmişin apellyasiya şikayətini qismən təmin edib, Suraxanı Rayon Məhkəməsinin hökmü ləğv olunub. Belə ki, məhkum CM-nin 221.2.1-ci (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 3 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. “8 Noyabr – Zəfər Günü” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli qərarına əsasən cəzasının həmin qərar qüvvəyə mindiyi günədək azadlığın məhdudlaşdırılması növündə cəzanın çəkilməmiş hissəsi 1 il azaldılmış və üzərində 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.