Rusiya Ali Məhkəməsi Larisa Dolinanın mənzildə qanunsuz qaldığını təsdiqləyib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Ali Məhkəməsinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rusiya Ali Məhkəməsi müğənni Larisa Dolinanın mənzilinin satışı ilə bağlı iş üzrə qərarına aydınlıq gətirib:
“Rusiya Federasiyası Ali Məhkəməsi sözügedən ‘Dolina-Lurye işi’nə nöqtə qoyub. Mənzil Polina Luryeyə məxsusdur. Larisa Dolina mənzildə qanunsuz olaraq qalır. Əgər o, yaxın vaxtlarda evi könüllü şəkildə tərk etməzsə, aşağı instansiya məhkəməsi onun evdən çıxarılması məsələsinə baxacaq”, – deyə məhkəmənin mətbuat xidmətindən bildirilib.
Vurğulanıb ki, bu qərar dərhal qüvvəyə minir. Çərşənbə axşamı Ali Məhkəmə Dolinanın Polina Luryeyə qarşı mənzil alqı-satqısı əqfinin etibarsız sayılması tələbi ilə bağlı əvvəlki qərarları ləğv edib. Luryenin Dolinanın istifadə hüququna xitam verilməsi və evdən çıxarılması ilə bağlı iddiası isə Moskva Şəhər Məhkəməsinin apellyasiya instansiyasına yenidən baxılması üçün göndərilib.
Xatırladaq ki, ötən ilin avqustunda Dolinanın telefon fırıldaqçılarının qurbanı olduğu məlum olmuşdu. Onun mənzilinin satışı ilə bağlı hadisə Rusiyada geniş ictimai rezonansa səbəb olmuş və daşınmaz əmlak alqı-satqısı zamanı dələduzluq sxemlərinin kütləvi yayılmasına diqqət çəkmişdi. İş üzrə dörd fiqurant artıq dələduzluq maddəsi ilə 4 ildən 7 ilə qədər azadlıqdan məhrum edilib və cərimələnib. Əvvəllər Xamovniki məhkəməsinin qərarı ilə mənzil müğənniyə qaytarılsa da, alıcı Lurye bu qərardan yuxarı instansiyalara şikayət etmişdi.
Xuraman Etibarlı
İnterpress.az






