Bəyannamənin önəmli müddəalarından biri də Türkiyə müdafiə sənayesinin Azərbaycanda fəaliyyətidirbackend

Bəyannamənin önəmli müddəalarından biri də Türkiyə müdafiə sənayesinin Azərbaycanda fəaliyyətidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
15 iyun 2021-ci il tarixində imzalanmış Şuşa Bəyannaməsi Azərbaycanın müstəqillik və dövlətçilik tarixində mühüm bir gün oldu.
Bu tarixi gündə dini, dili, tarixi, mədəniyyəti bir olan Azərbaycan və Türkiyə arasındakı münasibətlərin yeni inkişaf mərhələsi başladı. Azərbaycanla Türkiyə arasında Şuşa şəhərində, Milli Qurtuluş Günündə – Qars müqaviləsindən yüz il sonra prezidentlər arasında Şuşa Bəyannaməsi imzalandı. Bu bəyannamənin öz tarixi, hüquqi və siyasi əhəmiyyəti var. Bəyannamə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” prinsipi əsasında iki dövlətin strateji münasibətlərinə yeni nəfəs gətirdi. Yüz il bundan öncə imzalanmış Qars müqaviləsindən sonra yenidən Türkiyə-Azərbaycan arasında məzmunca eyni bir bəyannamə imzalandı və bu məhz yenicə işğaldan azad olunmuş Şuşa şəhərində baş verdi. Bu tarixi hadisənin Azərbaycanda Milli qurtuluş günündə baş verməsi də heç də təsadüfi deyil.
Bu tarixi bəyannamə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı istiqamətində ümumi maraqların qorunmasına, mövcud imkanların birləşdirilməsinə, ortaq maraq kəsb edən regional və beynəlxalq əhəmiyyətli strateji məsələlərdə fəaliyyətlərin koordinasiyalı şəkildə aparılmasına xidmət edəcəkdir. Bəyannamənin məhz Şuşa şəhərində imzalanması isə son dövrdə Ermənistanda Şuşanın yenidən geri qaytarılması istiqamətində səslənən xam xəyallara tutarlı bir cavab oldu. Türkiyə və Azərbaycan qarşılıqlı ortaq maraqlarına xidmət edən beynəlxalq məsələlər üzrə həmrəylik və qarşılıqlı dəstək nümayiş etdirərək eyni mövqedən çıxış etməklə ikitərəfli əməkdaşlığı dərinləşdirmişdir. Bununla yanaşı bəyannamədə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi də xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, ərazi bütövlüyünə və ya təhlükəsizliyinə qarşı kənar dövlət və ya dövlətlər tərəfindən təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdidlərin aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bəyannamənin ən önəmli punktlarından biri də Türkiyə müdafiə sənayesinin Azərbaycanda fəaliyyətinin təşkilinə dair olan maddələrdir. Bu barədə ölkə başçısı cənab İlham Əliyev əvvəl də bildirmişdir ki, Azərbaycanda türk ordusunun kiçik bir modeli qurulacaqdır.
Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad olunmasında, Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir. Prezident Cənab İlham Əliyevin son illər Türkiyə ilə artan qarşılıqlı əlaqələr fonunda yeni və daha dayanıqlı münasibətlər təsis etməsi sayəsində ölkəmizin olduqca güclü və kifayət qədər yaxın bir tərəfdaşı, müttəfiqi vardır və bu müttəfiqlik Şuşa Bəyannaməsindən sonra özünün ikinci və daha güclü fazasına keçmiş olacaqdır.
Zülfiyyə Nuriyeva
Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İB-nin sədri