“Birgə media platformasına yanaşma daha sistemli olacaq”backend

“Birgə media platformasına yanaşma daha sistemli olacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycan və Türkiyə mediası arasındakı münasibətlərin bu ölkələrin digər müstəvilərdəki əlaqələri səviyyəsinə çatdırmaq son dərəcə vacibdir. Hesab edirəm ki, hər iki ölkənin jurnalistlərinin qoşulacağı və yaradılması planlaşdırılan media platforması bu baxımdan son dərəcə mühüm addım olacaq”.

Bunu açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov bildirib ki, Türkiyə-Azərbaycan əməkdaşlığının daim yüksələn xətt üzrə inkişafı təkmil, işlək media platformasının formalaşması üçün mühüm baza rolunu oynamaqdadır. Hazırkı vəziyyətdə isə məsələnin aktuallığını bir neçə cəhətdən izah etmək lazımdır.

“Əvvəla, hazırda ümumən informasiya cəbhəsinə daha çox ehtiyac duyulmaqdadır. Yəni indi sahəyə daha sistemli yanaşılması vacibdir. Azərbaycan Prezidentinin köməkçisinin şəxsində məsələyə önəm verilməsi bunu deməyə əsas verir. Hesab edirəm ki, hörmətli Hikmət Hacıyevin başçılıq etdiyi nümayəndə heyətinin İstanbulda keçirdiyi görüşlər, Hikmət müəllimin özünün Türkiyə mediasına açıqlamaları son dərəcə müstəsna əhəmiyyət daşıdı. Bizim üçün vacib olan haqq səsimizin, Dağlıq Qarabağ münaqişəsinin dünyaya çatdırılmasıdır. Bu mənada ki, Türkiyə mediası sıradan bir media deyil. Avropanın ən güclü media quruluşları məhz qardaş ölkədədir”, – deyən Ə.Amaşov indiyədək Azərbaycan və Türkiyə mediası arasında müxtəlif formalı əməkdaşlıq birliklərinin mövcudluğuna diqqət çəkib.

Mətbuat Şurasının sədri onu da bildirib ki, 2007-ci ildən başlayaraq mövcud istiqamətdə bir sıra addımlar atılıb. 2007-2010-cu illərdə Mətbuat Şurasının və Türkiyənin Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycan-Türkiyə mediası: bənzərliklər və fərqliliklər” mövzusunda silsilə konfranslar təşkil olunub: “2010-cu ildə məsələyə daha fərqli baxış ortaya qoyuldu. O zaman mərkəz Ankara olmaqla Türkdilli Ölkələrin və Toplumların Media Birliyi formalaşdırıldı. Bu ideya həmin il Ankarada keçirilmiş Türkdilli Ölkələrin və Toplumların I Media Forumunda gerçəkləşdi. Bir il sonra ikinci forum Bakıda böyük təntənə ilə keçirildi. Sonrakı illərdə də belə forumlar Şimali Kipr Türk Cümhuriyyətində və Qırğızıstanda təşkil olundu. Bu fəaliyyət platforması kifayət qədər işlər gördü. Tərkibində dünyanın demək olar, hər yerindən olan türkdilli jurnalistləri birləşdirdi. Hazırda da o təmaslar saxlanılmaqdadır. Digər tərəfdən Azərbaycandakı ayrı-ayrı kütləvi informasiya vasitələrinin və jurnalist birliklərinin Türkiyədəki həmkarları ilə kifayət qədər güclü bağlarının olduğu düşüncəsindəyəm. Hər il Türkiyədən Azərbaycana saysız-hesabsız jurnalist axını olur. Eləcə də digər türkdilli ölkələrdən. Ancaq hesab edirəm ki, indiki media platforması ideyasına yanaşma daha sistemli olacaq. Zaman özü bunu tələb edir”.

Xatırladaq ki, bu yaxınlarda Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti qardaş ölkədə məhsuldar görüşlər keçirib. Səfərin əsas məqsədi Azərbaycanla Türkiyə arasında birgə media platforması yaratmaq, xəbər, mütəxəssis və fikir mübadiləsini həyata keçirmək, o cümlədən hər iki ölkənin sosial media vasitəsilə dünyada daha yaxından tanıdılmasını genişləndirməkdən ibarət olub.

 

İnterpress.az