İsrailin hücumlarını davam etdirdiyi blokada altındakı Qəzza zolağında 15-dən çox köçkün fələstinlinin orta hesabla çadırda yaşadığı və bu vəziyyətin yoluxucu xəstəliklərə səbəb olduğu açıqlanıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlər üzrə Koordinasiya İdarəsi (OCHA) Qəzzada köçkünlərin vəziyyəti ilə bağlı bəyanat yayıb.
Açıqlamaya görə, Qəzza zolağında çadırlar və müvəqqəti sığınacaqlar həddindən artıq sıxdır və bir çadırda 15-dən çox insan qalır.
Bu, insanları qeyri-gigiyenik şəraitə və yoluxucu xəstəliklərə məruz qoyur. Köçkünlərin özbaşına qurduğu müvəqqəti sığınacaqlar hazırkı hava şəraitinə davamlı olmayan materiallardan tikilir.
Qəzza zolağının cənubundakı Rəfah şəhərində məcburi köçkünlər arasında aparılan sorğuya əsasən, cənubda adekvat yaşayış yerlərinin olmaması səbəbindən mənzillərin kirayəsi normal qiymətdən 800 faiz bahalaşıb.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) bildirib ki, Qəzzada 280 min əhalisi olan Rəfah şəhəri hazırda 1 milyondan çox məcburi köçkünə ev sahibliyi edir.
UNRWA dünən İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına etdiyi hücumlar səbəbilə 1 milyon 900 min insanın didərgin düşdüyünü açıqlayıb.
İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlarda ən azı 10 mini uşaq və 7 mini qadın olmaqla 23 min 210 fələstinli həyatını itirib. Dağıntılar altında minlərlə ölü olduğu bildirilir, insanların sığındığı xəstəxanalar və təhsil müəssisələri hədəf alınaraq mülki infrastruktur məhv edilir.