Cənubi Koreyada 120 min kamera sındırılıb, intim videolar satılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Cənubi Koreya mətbuatı məlumat yayıb. Hakerlər insanların yataq otaqlarını gizlicə izləyərək əldə etdikləri görüntüləri internetdə satıblar.
Məlumata əsasən, Cənubi Koreyada ev kameralarının kütləvi şəkildə sındırılması faktı üzə çıxıb.
Hakerlər 120 min cihaz vasitəsilə sahiblərinin intim həyatını gizlicə izləyiblər. Əldə edilən intim xarakterli videolar internetdə satışa çıxarılıb. Videoların bir qismi müxtəlif ölkələrdən olan qurbanların qeyri-qanuni görüntülərinin mütəmadi yayımlandığı xarici saytlarda yerləşdirilib.
Polis həm ev, həm də ofis IP-kameralarına giriş əldə edən dörd nəfəri saxlayıb. Saxlanılanlardan biri – işsiz olan şəxs bu videolardan təxminən 35 milyon von gəlir əldə edib.
Digər haker – ofis işçisi isə 70 min kameranı sındıraraq 648 video hazırlayıb və kriptovalyuta ilə təxminən 18 milyon von qazanıb.
İş üzrə digər iki fiqurant – kiçik biznes sahibi və ofis işçisi isə videoları sadəcə saxlayıblar, lakin yaymayıblar.
İstintaq müəyyən edib ki, cinayətkarlar cihazların zəif mühafizə sistemindən istifadə ediblər: minlərlə kamerada eyni, sadə loqin və parollar quraşdırılıb.
Faktla bağlı cinayət işi açılıb. Şübhəlilərdən üçü artıq həbsdədir.
Xuraman Etibarlı
İnterpress.az






