Cinayət hadisəsi və cinayət tərkibinin tətbiqi xüsusiyyətləri – hüquqşünas yazırbackend

Cinayət hadisəsi və cinayət tərkibinin tətbiqi xüsusiyyətləri – hüquqşünas yazır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cinayət tərkibi və cinayət hadisəsi cinayət təqibində əsas mərkəzi struktiv anlayışlar olmaqla bir-biri ilə qarşılıqlı əlaqədədir. Bununla belə, hər iki anlayış hüquqda spesifik xüsusiyyətlər daşımaqla fərqli terminoloji mənalar daşımaqdadır. Bunu aydınlaşdırmaq üçün ilk növbədə hər iki anlayışın leqal tərifinə diqqət yetirmək lazımdır.

Cinayət tərkibi bir istilah olaraq Azərbaycan Respublikasının müstəqillikdən öncəki Cinayət Məcəllələrində, ümumiyyətlə, nəzərdə tutulmamışdı. Yalnız 1999-cu il AR Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət məsuliyyəti yaratması cinayət məsuliyyətinin əsasları kimi göstərilmişdir. Əlavə olaraq, həmin Məcəllənin 27-ci maddəsinə əsasən, şəxs tərəfindən törədilmiş əməldə (hərəkət və ya hərəkətsizlikdə) bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcuddursa, cinayət başa çatmış hesab olunur. Bundan cinayət tərkibi üçün belə bir nəticəvi anlayış çıxartmaq olar ki, cinayət tərkibi əməldə cinayətin obyektiv və subyektiv əlamətlərinin mövcudluğunu ifadə edən real vəziyyətdir.

Cinayət hadisəsinin isə AR Cinayət Prosessual Məcəlləsinin 7-ci maddəsində leqal tərifi verilmişdir. Belə ki, cinayət hadisəsi cinayətin əlamətlərini özündə əks etdirən hadisədir. Burada cinayətin əlamətləri deyə göstərilən ifadə, əslində onun hüquqi mənası ilə yanaşı, ümumişlək mənasından da çıxış edir. Belə ki, AR Cinayət Məcəlləsində cinayətin əlamətləri 14-cü maddədə göstərilmişdir. Həmin maddəyə əsasən cinayətin 3 əsas əlaməti var:

  1. Cinayət Məcəlləsi ilə qadağan olunmalı olması;
  2. İctimai təhlükəli olması;
  3. Təqsirli olaraq törədilməli olması.

Bundan fərqli olaraq isə, AR Cinayət Prosessual Məcəlləsində cinayətin əlamətləri dedikdə, mövcud vəziyyətin cinayət-prosessual status alması üçün zahirən cinayətə oxşaması nəzərdə tutulur. Ancaq bu hadisənin sırf cinayət hadisəsi termini ilə adlandırılması həmin hadisənin cinayət tərkibinin obyektiv cəhəti ilə, yəni AR Cinayət Məcəlləsində nəzərdə tutulmuş ən azı bir cinayət əməli ilə müşayiət olunması ilə şərtlənir. Bununla əlaqədar, sözügedən anlayışın AR Cinayət Prosessual Məcəlləsində daha dolğun və anlaşıqlı şəkildə ifadə edilməsi zəruridir.

Cinayət hadisəsi və cinayət tərkibi terminləri, hər ikisi cinayət təqibi ilə əlaqədar olduğundan bir-biri ilə oxşar, eyni zamanda fərqli xüsusiyyətlərə malikdir. Bunun müəyyən edilməsi isə, cinayət prosesini həyata keçirən oraqanlar üçün olduqca əhəmiyyətlidir.

Cinayət hadisəsi və cinayət tərkibi anlayışlarının birinci oxşar xüsusiyyəti hər ikisinin cinayət təqibi ilə əlaqədar ilkin hallar olmasıdır. AR Cinayət Prosessual Məcəlləsinin 7-ci maddəsinə əsasən,  cinayət təqibi cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi, bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi, zəruri olduqda prosessual məcburiyyət tədbirlərinin təmin edilməsi məqsədi ilə həyata keçirilən cinayət-prosessual fəaliyyətdir. Burdan göründüyü kimi, cinayət təqibinin əsas məqsədlərindən biri cinayət hadisəsinin və digər məqsədlərin həyata keçirilməsi üçün ikinci əsas şərt əməldə cinayət tərkibinin müəyyən edilməsidir.

Belə ki, cinayət hadisəsi və cinayət tərkibinin olmaması cinayət təqibinin istisna olunmasına səbəb olur, yəni cinayət təqibi və cinayət işinin başlanıla bilməməsi və ya başlanmış cinayət təqibinə və cinayət işi üzrə icraata xitam verilməsi nəticəsini yaradır. Eyni zamanda, bu hallar şəxs barəsində təqsirsizliyin təsdiqi hesab olunur və məhkəmə baxışı nəticəsində bəraət hökmünün çıxarılması üçün əsasdır.

İkinci oxşar xüsusiyyət hər ikisinin sübut etmənin ilkin əsas istiqaməti olmasıdır. AR Cinayət Prosessual Məcəlləsinin 32-ci maddəsinə əsasən, cinayət prosesində tərəflərin çəkişməsi zamanı ittiham tərəfinin sübut etməli olduğu halların başında cinayət hadisəsinin baş verməsi və cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin əlamətlərinin mövcudluğu dayanır. Bununla əlaqədar da məhkəmənin yekun qərar çıxarması zamanı da müşavirə otağında müzakirə edilən ardıcıl ilk iki məsələ cinayət hadisəsinin və əməldə cinayət tərkibinin olub-olmamasıdır.

Prosessual fəaliyyət zamanı ən əhəmiyyətli və çətin məsələlərdən biri isə bu iki anlayış arasında situativ fərqlərin müəyyən edilməsi və düzgün tətbiqidir. Belə ki, əsas öncül fərq təbii olaraq cinayət hadisəsinin cinayət tərkibindən əvvəl nəzərə çarpması, ilkin müəyyən edilməli hal olmasıdır. Bu hal müəyyən olunduqdan sonra əməldə cinayət tərkibinin olub-olmaması araşdırılır. Bu xüsusda AR Cinayət Prosessual Məcəlləsi düzgün mövqe tutaraq ittiham aktında əsaslandırılmış sübutların prokuror tərəfindən yoxlanılması zamanı birinci şərt kimi təqsirləndirilən şəxsə qarşı istinad edilən əməlin sübuta yetirildiyi və həmin əməlin cinayət tərkibi yaratmasının öyrənilməli olduğunu müəyyən etmişdir. Bundan belə bir nəticə çıxartmaq lazımdır ki, cinayət təqibində cinayət hadisəsi situasiyanın müəyyən edilməsi əlaqədar sübut edilməli olan hal, cinayət tərkibi isə şəxs barəsində sübut edilməli haldır.

Eyni zamanda, yuxarıda qeyd olunan məntiqlə AR Cinayət Prosessual Məcəlləsi cinayət hadisəsinin mövcudluğunu təsdiq edən sübutların əldə edilməməsini həmin Məcəllənin 209.2-ci maddəsində göstərilən hallarla bağlı dərhal cinayət işi başlamnması zamanı “cinayət təqibinin həyata keçirilməsinə mane olan hal” kimi müəyyən etmişdir. Çünki həmin maddədə göstərilən qətl əlamətlərinin izləri ilə insan meyiti aşkar edilməsi, tanınmamış insan meyiti, insan bədəninin hissələri, yaxud onların basdırılma yerləri aşkar edilməsi, insanların kütləvi həlak olması, yoluxması və ya zəhərlənməsi əlamətləri olması və bunun kimi bir neçə hallar bilavasitə əməllə deyil, situasiya ilə bağlı olduğundan burada məhz cinayət hadisəsinin olub-olmamasını müəyyən etmək əsas prioritet məsələdir.

Bu iki istilahın fərqlərini konkret situativ kazusla aydınlaşdıraq:

Misal üçün, hansısa kiçik bir A müəssisəsinin yanğın təhlükəsizliyi ilə əlaqədar vəzifəli şəxsinin növbədə olduğu vaxt qonşu B müəssisəsində başlanan yanğının yayılması nəticəsində yanğın əvvəlcə A müəssisəsinə sirayət etmiş və daha sonra A müəssisəsindən digər müəssisələrə yayılmışdır. Nəticədə bir neçə nəfər ağır yanıq xəsarətləri almışdır.

Bu situasiyada, göründüyü kimi, cinayət hadisəsi var, amma A müəssiəsinin yanğın təhlükəsizliyi ilə əlaqədar vəzifəli şəxsinin əməlində cinayət tərkibi yoxdur. Beləliklə, bu kazusda, A müəssiəsinin yanğın təhlükəsizliyi ilə əlaqədar vəzifəli şəxsinə dair başlanmış cinayət təqibinə cinayət hadisəsinin olmaması əsası ilə deyil, əməldə cinayət tərkibinin olmaması əsası ilə xitam verilməlidir.

İkinci bir misal, iki şəxs- A və B içki məclisində xeyli miqdarda alkoqol qəbul etdikdən sonra A ayaqyoluna getmək üçün ayağa qalxır və digər otağa keçdikdən sonra yerə yıxılaraq başını yerdəki sivri nəsnəyə vurub elə yerindəcə dünyasını dəyişir. B bir neçə dəqiqədən sonra A-nın gəlmədiyini görüb həmin otağa keçəndə A-nın yerdə qan içində qalmış cansız bədənini görür.

Bu hadisə zahirən cinayətə bənzəyir, çünki ölən şəxs başından yaralanıb və yerində qanlar içində ölü vəziyyətdədir. Sözsüz ki, burada əsas şübhə edilən şəxs B şəxsidir. Araşdırmalar nəticəsində A-nın öz təqsiri nəticəsində öldüyü, B-nin ona kömək etməməsinin qəsdən olmadığını müəyyən etdikdən sonra cinayət təqibinə cinayət hadisəsinin olmaması əsası ilə xitam verilməlidir.

Bütün bu göstərilənləri ümumiləşdirdikdən sonra hər iki anlayışın terminoloji spesifikasını aşağıdakı kimi sistemləşdirə bilərik:

Cinayət hadisəsi:

  1. Situasiya ilə bağlıdır;
  2. Zahiri əlamətlərlə xarakterizə olunur;
  3. Cinayət tərkibinin obyektiv cəhəti ilə müşayiət olunmalıdır.

 Cinayət tərkibi:

  1. Konkret əməllə bağlıdır;
  2. Obyektiv və subyektiv əlamətlərlə xarakterizə olunur;
  3. Cinayət məsuliyyəti ilə müşayiət olunmalıdır ( AR Cinayət Məcəlləsi 3-cü maddə ).

 Məqalədə Azərbaycan Respublikasının 05.12.2022-ci il tarixi üçün qüvvədə olan Cinayət Məcəlləsinə və Cinayət Prosessual Məcəlləsinə istinad olunmuşdur.

BDU-nun məzunu, hüquqşünas Elvin Hüseynov Hilal oğlu