Deputatların xarakteristikası: “Soyuq başlar”, dünyadan xəbəri olmayanlar…backend

Deputatların xarakteristikası: “Soyuq başlar”, dünyadan xəbəri olmayanlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin deputatları parlamentin payız sessiyasına hazırlıq işləri görürlər, kimisi müzakirəyə çıxarılması gözlənilən sənədlərə göz yetirir, kimisi də bütün qanun layihələrindən xəbərsiz şəkildə statistik deputatlığını davam etdirir.

Normaldır, dünyanın hər ölkəsində qanunverici orqanda bütün deputatlar aktiv olmurlar, həmişə üzdə 5-10 nəfər söz deyən olur, digərləri isə ya danışmağı xoşlamırlar, ya da danışa bilmirlər.

Azərbaycanda deputatları xarakterinə və işləmə prinsipinə görə aşağıdakı qruplara bölə bilərik:

1. Həm mətbuatda, həm də parlamentin iclaslarında çox gözə çarpanlar, seçicilərlə aktiv təmaslarda olanlar.

Bunun özünü də alt qruplara bölsək, təsnifatı belə apararıq:

– Aktivdirlər, çıxışları mətbuat səhifələrində bərq vurur, amma qətiyyən tənqid səsləndirmirlər, ya da ütülü, tərif ekvivalentində tənqid səsləndirirlər;

– Daha çox tənqidə köklənirlər, təklif səsləndirirlər;

– Elələri var ki, seçicilərin şikayətlərini dinləməyə üstünlük verir, lakin qətiyyən bunu qabartmırlar. Yəni üzdə qabartmırlar, amma müvafiq dövlət qurumu qarşısında məsələ qaldırırlar.

Neçə ildir ki, parlament müxbiri kimi fəaliyyət göstərirəm, ona görə də müşahidələrimi və bəzi bildiklərimi əsas tutaraq ikinci qrupa aid deputatları xarakterizə etmək istərdim.

2. Bir sıra millət vəkili (əslində deputat, sadəcə sinonim kimi millət vəkili ifadəsindən istifadə edirik) qətiyyən üzdə olmağı sevmir, amma qanun layihələrinin hazırlanmasında iştirak edir, bununla belə heç parlamentin iclaslarında çıxış etmir.

Belələri kənardan çox soyuqqanlı təsir bağışlayır, parlamentin “soyuq başları”dır, sanki “bu deputat kimdir, heç biz onu tanımırıq, heç bir iş görmür” fikrindən də məmnundurlar. Qəribə bir təzaddır.

Parlament jurnalistlərinin bir çoxu da indi səsləndirəcəyim fikri təsdiqləyər ki, bəzi deputatların ümumiyyətlə dünyadan xəbəri yoxdur, hətta qanun layihələrinin heç üzünü də açmırlar.

Bu 3-cü qrupa aid olanlardır, lakin onların içində elələri mövcuddur ki, qanun layihələrinə baxmasalar da, heç olmasa seçicilərlə işləyirlər və təmsil etdikləri regionda hörmət qazanıblar, böyük nüfuz sahibidirlər. Üstəgəl də ara-sıra cəmiyyətin sarı siminə toxunan çıxışlarla yadda qalırlar və onlara “əhsən” deyilir.

Elə, ya da belə, aktivlik dərəcəsinə görə deputatları bir neçə kriteriya üzrə təsnifatlaşdıranda 10 ballıq şkala üzrə hərəsinə bir qiymət verə bilərik. Bir az loru desək, müxtəlif nominasiyalar üzrə.

Ancaq… Elələri də var ki, deputat kreslosunda əyləşsə də, nə seçicisi onun üzünü görür, nə də o seçicisinin, hələ parlamentdə də çıxış etmir, söz almır, “nəyimə lazımdır” prinsipi ilə deputatlıq fəaliyyətini davam etdirir.

Məndə olan bəzi məlumatlara görə, elələri də var ki, ara-sıra etdikləri çıxışları başqa beynin məhsuludur…

Deputatların hamısı eyni düşüncədə, eyni intellektual səviyyədə, eyni iş bacarığında ola bilməz, bu, normal haldır.

Amma parlament ümumi olaraq konstitusion səlahiyyətləri çərçivəsində düzgün mühakimə etməyi, sorğulamağı bacarmalıdır. Görək payız sessiyası necə olacaq…

Aqşin Kərimov