Diaspor fəalımız Kaliforniyadakı erməni icmasının nifrət zəminində törətdiyi cinayətlərdən danışıbbackend

Diaspor fəalımız Kaliforniyadakı erməni icmasının nifrət zəminində törətdiyi cinayətlərdən danışıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şimali Kaliforniyada fəaliyyət göstərən Azərbaycan Mədəniyyəti Cəmiyyətinin nümayəndəsi Niyaz Düyüçü bu ştatın Santa Klara əyalətinin Nəzarət Palatasının nifrət zəminində törədilən çinayətlərlə bağlı təşkil etdiyi onlayn konfransda məruzə ilə çıxış edib.
“Hate Crimes Task Force” adlı konfransda Santa Klara əyalətinin Nəzarət Palatasının İdarə heyətinin rəhbəri Sindi Çaves (Cindy Chavez) və Kaliforniyada yaşayan müxtəlif millətlərin icma təşkilatlarının nümayəndələri iştirak ediblər.
N.Düyüçü çıxışı zamanı Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin 20 faizinin işğal olunduğu, BMT-nin Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını dərhal və qeyd-şərtsiz tərk etməsinə dair 4 qətnamə qəbul etdiyi, ötən il 44 günlük Vətən müharibəsi dönəmində Azərbaycan silahlı qüvvələrinin torpaqlarımızı işğaldan azad etməsi və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi barədə ətraflı məlumat verib.
Bildirilib ki, ABŞ-ın Kaliforniya ştatındakı çoxsaylı, müxtəlif rəsmi orqanlarda mühüm vəzifələrdə yerləşmiş erməni icması burada yaşayan azərbaycanlılara nifrət zəminində ciddi təzyiqlər göstərir. Belə hallar xüsusilə ötən il Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ərəfəsində daha kəskin xarakter alıb.
Milli nifrət zəminində yetişdirilmiş erməni ekstremist qüvvələri azərbaycanlılara fiziki zorakılıq tətbiq edərək, soydaşlarımıza ciddi xəsarət yetiriblər, azərbaycanlıların ofislərinə hücumlar ediblər, sosial media şəbəkələri, elektron poçt və telefon vasitəsilə soydaşlarımıza təhdidlər yağdırıblar. Bu məqamda erməni icması tərəfindən Şimali Kaliforniya Azərbaycan Mədəniyyət Mərkəzinin ofisinin yerləşdiyi binanın üzərinə nifrət dolu ifadələr, təhqir və söyüşlər yazıldığına diqqət cəlb edilib, baş vermiş insidentlərin əks olunduğu şəkillər və faktlar videotəqdimatda nümayiş etdirilib.
Ermənilərin vandallıq aktları ilə əlaqədar Azərbaycan icması üzvlərinin yerli hüquq-mühafizə orqanlarına müraciətlər etdikləri və bu faktların araşdırılmasının vacibliyi nəzərə çatdırılıb. Təəssüflə qeyd edilib ki, güclü erməni lobbisinin təsiri ilə müxtəlif təşkilat və rəsmilərin hələ də ermənipərəst bəyanatlar qəbul edilməsi hallarına rast gəlinir. Bu vəziyyətin etnik azərbaycanlıları narahat etdiyi və məsələ ilə bağlı ciddi tədbirlərin görülməsinin önəmli olduğu vurğulanıb.
Konfransda çıxış edənlər nifrət zəminində cinayətlərə son qoyulması və tolerant mühitin təşəkkül tapması məqsədilə maarifləndirmə xarakterli fəaliyyətin genişləndirilməsi, sosial mediada müvafiq tədbirlərin görülməsi ilə bağlı məsləhətləşmələrin aparılmasını təklif ediblər.

 

İNTERPRESS.AZ