Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Vahaqn Xaçaturyanın martın 23-də İtaliyanın “La Repubblica” qəzetinə verdiyi müsahibəsində Azərbaycana qarşı səsləndirdiyi növbəti əsassız iddiaları şərh edib. Bildirilib ki, bölgədə sülhün təmin olunması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikasından əl çəkməlidir:
“Azərbaycanlılara qarşı 30 il müddətində etnik təmizləmə və kütləvi qırğınlar törətmiş, ərazilərini 30 il müddətində işğal altında saxlamış, şəhər və kəndləri viran qoymuş Ermənistanın rəhbərliyinin Azərbaycanı etnik təmizləmədə və müharibə ritorikasında təqsirləndirməsi saxtakarlıq nümunəsidir. Bölgədə sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə qəsd və daxili işlərinə qarışmaq kimi təcavüzkar fəaliyyətlərə son qoymalıdır”.
Bu, rəsmi Bakının humaninizminin növbəti təzahürü olmaqla yanaşı, eyni zamanda bizim sülh gündəliyimizə sadiq olduğumuzu göstərir.
Təkcə Ermənistan prezidentinin deyil, eləcə də baş nazir Nikol Paşinyanın, xarici işlər naziri Ararat Mirzoyanın və digər rəsmilərin əsassız ittihamları sülh perspektivinə mane olur.
İrəvanın əsassız bəyanatları ilə hərbi təxribatların eyni vaxtda düşməsi, həmçinin Ermənistanın İranla artan hərbi əməkdaşlığı, Hindistandan silahlar alınması onu deməyə əsas verir ki, qarşı tərəf regiondakı gərginliyi süni şəkildə artırmağa çalışır. Bu, əlbəttə, qəbuledilməzdir.
Ermənistan hərbi – siyasi hakimiyyətinin hazırkı regional siyasətinin əsas məqsədi sülh müqaviləsinin müddətini mümkün qədər uzatmaqdır. Lakin bizmi gözləməyə vaxtımız yoxdur.
Paşinyan bu günlərdə deyib ki, növbəti eskalasiya olmayacaq və Azərbaycanla sülh müqaviləsi imzalanacaq. Fikrimcə, bu bəyanat daha çox manipulyasiya xarakteri daşıyır. Ermənistan müharibə istəmirsə, niyə təxribatlardan əl çəkmir? Düşünürəm ki, hökumət başçısının fikirləri ancaq ictimai rəyə hesablanıb.
İstisna deyil ki, Paşinyan hakimiyyəti növbəti eskalasiyaya çıxış yolu kimi baxır. Belə ki, növbəti dəfə məğlubiyyətə uğrayandan sonra Ermənistan hakimiyyəti həm daxildəki müxalifətə, həm də xarici güclərə sülhdən başqa çıxış yolunun olmadığını göstərəcək.
Bütün hallarda sülh müqaviləsini uzatmaq və hərbi-siyasi təxribatlar ən çox İrəvanın özünə ziyandır. Ermənistan hərbi -siyasi hakimiyyəti tarixi təcrübədən dərs çıxarmalıdır.
Kənan Novruzov
İnterpress.az