Azərbaycan Milli Məclisinin deputatı Ceyhun Məmmədov dünən, dekabrın 2-də Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin Türk Dünyasının gələcəyinə həsr olunan beynəlxalq Turan konfransında çıxışı zamanı deyib ki, Ermənistan indi də nələrəsə hazırlaşır. O bildirib ki, məhz bu səbəbdən Azərbaycan daha güclü olmalıdır.
Məlum olduğu kimi, indi gündəlikdə olan əsas məsələ İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanmasıdır. Qələbəmizlə başa çatan Vətən müharibəsindən sonra rəsmi Bakı İrəvana sülh əlini uzatdı. Amma savaşın üzərindən 2 il keçməsinə baxmayaraq, Ermənistan hələ də bizim uzatdığımız sülh əlini tutmayıb. Bunun bir neçə səbəbi var. Əsas məsələlərdən biri budur ki, Ermənistan baş naziri Nikol Paşinyan hələ də siyasi iradə göstərə bilmir.
Məlum olduğu kimi, Qərb dövlətləri, o cümlədən ABŞ və Fransa Cənubi Qafqazdakı sülhdə, həmçinin Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşmasında maraqlı deyil. Buna görə də Vaşinqton və Paris bütün imkanları ilə sülh müqaviləsinə mane olmağa çalışır.
Son zamanlar Fransanın Ermənistanı silahlandırmasına dair məlumatlar yayılır. Əslində bu, heç də təəccüblü deyil. Çünki Qərb Ermənistanla münasibətdə faktiki olaraq “kökə və qamçı” siyasətini tətbiq edir. Paris və Vaşinqton bəzən şirnikləndirməklə, bəzən də təziqlərlə İrəvanı sülh müqaviləsindən yayındırır.
Əsas məsələ budur ki, Ermənistan hakimiyyəti sülh istədiyini desə də, bu istiqamətdə əməli addımlar atmır. İttihamlar qismən azalmağına baxmayaraq, hələ də davam edir.
Ermənistandan maşa kimi istifadə edən güclərin ondan asanlıqla əl çəkəcəkləri ağlabatan görünmür.
Üstəgəl, son zamanlar Ermənistan ordusunun yeni səngərlər qazdığına dair də xəbərlər yayılır. Bütün bunlar onu deməyə əsas verir ki, diqqətli olmaqda fayda var. Yeni döyüşlər başlaya bilər. Bu, üçüncü güclərin təhriki ilə Ermənistanın qurban seçilməsinin nəticəsi olacaq. Rəsmi İrəvan ən qısa vaxtda siyasi iradə göstərib, Azərbaycanla danışıqlar masasına oturmasa, “yanacaq”.
Kənan Novruzov