“Ermənistanla əhatəli sülh sazişinə nail olacağımıza inanmıram“ – Fərid Şəfiyevbackend

“Ermənistanla əhatəli sülh sazişinə nail olacağımıza inanmıram“ – Fərid Şəfiyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İlk növbədə Şuşada olan hadisə və sərhəddə, Kəlbəcərdə olan hadisə keyfiyyətcə fərqli hadisələrdir. Şuşadakı fərdi şəkildə törədilən terror aktıdır, sərhəddə isə təbii ki, Ermənistan ordusu təxribata yol verib”.

Bunu Yenisabah.az-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib.

Ekspert düşünmür ki, bu hadisələr bir mərkəzdən idarə olunur:

“Hətta Paşinyan hökuməti vəziyyəti gərginləşdirməkdə maraqlı deyil. Onu da qeyd edim ki, son vaxtlar Paşinyan tərəfindən müsbət mesajlar verilir. Bu o demək deyil ki, Paşinyan sülhpərvərdir, yox, sadəcə Paşinyan və onun ətrafındakılar dərk edirlər ki, hərbi cəhətdən məğlub olublar.

Onların bəzi mesajlarına əsaslanaraq deyə bilərəm ki, iqtisadi təcriddən çıxmaq istəyirlər. Bu da o halda mümkün olacaq ki, Ermənistanın gələcəyi yalnız Türkiyə və Azərbaycanla normal əlaqələr qurmaqdan keçsin.

Ermənistanın müdafiə nazirinin dəyişməsi onu göstərir ki, Müdafiə Nazirliyi Paşinyana tabe olmur. Sərhəddə olan təxribatın törədilməsi MN-in daxilində olan Nikol Paşinyan əleyhdarlarının əməlidir”.

Fərid Şəfiyev əlavə edib: “O ki qaldı sülh sazişinə, inanmıram ki, əhatəli sülh sazişinə nail olaq. Biz sülhə addım-addım gedəcəyik, o da hələ getsə, əgər. Delimitasiya və demarkasiya çox vacib bir sazişdir, amma sülh sazişi deyil. Bu, ancaq sülh sazişinin bir elementi ola bilər.

Bir daha qeyd edirəm, inanmıram ki, böyük sülh sazişi və həmin sazişdə delimitasiya ilə bağlı hansısa maddələr olacaq. Delimitasiya ilə bağlı yəqin ki, ayrıca bir sənəd imzalanacaq, həm də əgər Ermənistan tərəfi buna maraqlıdırsa…”

F. Şəfiyev onu da vurğulayıb ki, əslində, sərhəddə baş verən gərginlik Azərbaycan üçün faydalıdır: “Bəli, bu, ordumuz üçün təhlükə yaradır, amma həm də onu da göstərir ki, sərhəd müəyyən olunmayıb və sərhədin müəyyənləşdirmək istəyirsinizsə, gəlin, delimitasiya sazişi imzalayaq.

Şuşa yaxınlığında baş verən terrora gəlincə, Qarabağda olan ermənilər ümumən Paşinyana qarşıdırlar. Ən böyük problem Qarabağda tərksilah prosesininin həyata keçirilməməsidir və buna cavabdeh olan da Rusiya sülhməramlı qüvvələridir.

Biz hər an, hər şeyi gözləməliyik. Terror aktları törədilə bilər. Ermənistan cəmiyyətində terrorizm, erməni milli hərəkatı 19-cu əsrdə məhz terrorla başlayıb. Ona görə də, sayıq olmalıyıq və məncə, müvafiq orqanlarımız buna hazırdır”, – deyə Fərid Şəfiyev fikrini tamamlayıb.