Heydər Əliyevin nadir kadrları nümayiş olunacaqbackend

Heydər Əliyevin nadir kadrları nümayiş olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Televiziyası (AzTV) Cəmşid Naxçıvanski adına hərbi liseyin yaradılmasının 50 illiyinə həsr olunan televiziya filmi hazırlayıb.

AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumatına görə, “Sabahın zabitləri” adlı filmdə liseyin tarixinə nəzər yetirilib, burada təhsil alanların müsahibələrinə yer ayrılıb.

Çəkilişlər liseydə aparılıb, təhsil ocağının Vətən müharibəsində iştirak etmiş qəhrəmanlarından da bəhs edilib.

Filmdə nadir kadrlar da yer alıb. Belə ki, lisey 1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Ümummilli lider 1973-cü ildə təhsil müəssisəsinin ilk məzun buraxılışında iştirak edib. Liseyin ilk məzunlarının da əks olunduğu nadir kadrlar filmdə nümayiş olunacaq.

Xatırladaq ki, 2019-cu ildə liseyin binası əsaslı təmirdən sonra istifadəyə verilib. Prezident İlham Əliyev açılışda iştirak edib. Həmin açılışdan olan kadrlar da filmdə əks olunacaq. “Sabahın zabitləri” filminin ssenari müəllifi Yaqub Əlioğlu, rejissoru Elvin Mirzəyev, operatoru Adil Abbasovdur.

Sənədli film bu gün saat 18:30-da AzTV-də yayımlanacaq.

 

 

İnterpress.az