Hulusi Akar birgə təlimlərdən narahatlıq keçirən İrana mesaj verir – ŞƏRHbackend

Hulusi Akar birgə təlimlərdən narahatlıq keçirən İrana mesaj verir – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sentyabrın 13-də İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə Azərbaycan-Türkiyə birgə təlimlərindən narahatlığını dilə gətirib.

Nə var ki, Azərbaycan və Türkiyənin dəniz qüvvələrinin xüsusi təyinatlıları Xəzər dənizində sualtı hücum və sualtı müdafiə məşqlərini etmişdilər.

Tehran əldə olunan razılaşmanın müddəalarını bu təlimə neqativ mövqe bildirmək üçün istinada çevirir.

Cənab Xətibzadənin yanlışlığa yol verdiyini bundan əvvəlki yazımızda qeyd etmişdik. 2018-ci ilin avqustun 12-də Qazaxıstanın Aktau şəhərində qəbul olunan Xəzərin hüquqi statuna dair Konvensiyanın Tehran tərəfindən yanlış interpretasiyasını digər Xəzəryanı dövlətlərin heç biri dəstəkləmədi.

Birincisi, həmin Konvensiya Xəzəryanı dövlətlərdən başqa digər dövlətlərin Xəzərdə hərbi varlığını tanımır. Türkiyə hərbçilərinin Xəzərdə təlim keçməsi isə onun hərbi donanma yaratdığı anlamına gəlmir.

İkincisi, İran parlamenti öz hələ bu sənədi ratifikasiya etməyib, indi birdən-birə nə baş verdi ki, Xətibzadə dilə gəldi?

Sentyabrın 15-də Türkiyənin milli müdafiə naziri Hulusi Akar Konyada “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə deyib ki, təlimlər Azərbaycan və Türkiyənin təhlükəsizliyinə və bölgədəki sabitliyə yönəlib.

İlk baxışda Hulusi Akarın bəyanatını standart cümlələr kimi nəzərdən keçirə bilərdik, lakin cənab Akarın İranın açıqlamasından sonra belə mövqe səsləndirməsi diqqət çəkir.

Ona görə də Hulusi Akarın dediklərini birgə təlimlərdən narahat olan bütün qüvvələrə, o cümlədən İrana cavab kimi dəyərləndirə bilərik.

Azərbaycanla Türkiyənin bir-birinə münasibətdə dərinləşən müttəfiqlik xarakterindən irəli gələn məsuliyyətləri mövcuddur.

Bu məsuliyyət müştərək maraqlar yaradır, ortaq maraqlar isə sülh və təhlükəsizliyinin təmininə yönəlib.

Xəzər dənizinin bir hissəsi Azərbaycana düşür, dəniz sərhədləri də hər bir ölkənin suveren ərazi kateqoriyasına daxildir.

Şuşa Bəyannaməsinin müddəaları Xəzər dənizinin Azərbaycan sərhədlərini qorumaq məsələsində də keçərlidir.