“İki ölkə arasındakı münasibətlərinin yaxşı səviyyədə qalması İran üçün vacibdir”.
Bu sözləri İranın Azərbaycana qarşı sərgilədiyi mövqeyə münasibət bildirən Siyasi və Hüquqi Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov İnrerpress.az-a açıqlamasında deyib.
Xəyal Bəşirova görə, Azərbaycan daim İrana qarşı dostluq münasibəti sərgiləməyə çalışsa da, qonşu ölkənin yürütdüyü siyasət müəyyən problemlərin yaranmasına səbəb olur:
“Reallıq budur ki, 44 günlük müharibədən sonra ölkəmizin regionda formalaşdırdığı yeni reallıq bəzi məqamlarda İran tərəfindən düzgün qəbul edilmir. İranın bəzi vəzifəli şəxsləri Türkiyənin hər zaman Azərbaycana dəstək verməsi və müharibədən sonra Rusiya sülhməramlılarının ölkəmizdə yerləşdirilməsindən qıcıqlanır. Əslində Azərbaycan regionda formalaşdırdığı geosiyasi reallıq sülh və sabitliyin təhlükəsizliyini təmin etmək istəyən dövlətlər üçün bir şəraitdir. İran Ermənistanın törətdiyi təxribatçı addımlara uyaraq Azərbaycana qarşı yanlış mövqe sərgiləyir və bu, cəmiyyətimizdə qınaq obyektinə çevrilir. İran yürütdüyü hazırkı siyasətinə son qoymalıdır. Düşünürəm ki, İran-Azərbaycan münasibətlərinin yaxşı səviyyədə qalması İran üçün də vacibdir. Çünki Azərbaycan çox mühüm və geosiyasi coğrafi mövqeyə malik olan bir ərazidə yerləşir. İran ölkəmizin milli maraqlarına zidd atılan addımların hansı sərt reaksiyaya səbəb olduğunu gec-tez anlayacaq. Yalnız bundan sonra İran-Azərbaycan münasibətləri yüksək tendensiya üzrə davam edə bilər”.
Gülşən