“İran birbaşa düşmənimizlə əməkdaşlıq edir, separatçıları dəstəkləyir” – Fazil Mustafabackend

“İran birbaşa düşmənimizlə əməkdaşlıq edir, separatçıları dəstəkləyir” – Fazil Mustafa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1990-cı illərdə Qarabağ işğal edildikdən sonra Azərbaycanın  yük və sərnişin maşınları Naxçıvana getmək üçün İran ərazisindən istifadə etməyə başladı. Hazırda torpaqlarımız düşmən tapdağından azad edilsə də, Azərbaycan-Ermənistan arasında qonşuluq münasibətləri qalmadığı üçün hələ də həmin yol keçid rolunu oynayır.  

Bunun müqabilində İran gömrük orqanına rüsum ödənilir. Sentyabrın 12-dən etibarən isə Azərbaycan polis və sərhədçiləri nəzarətimizdə olan Gorus-Qafan yolu vasitəsilə Ermənistana gedən İran yük maşınlarını yoxlamağa və xidmət müqabilində rüsum almağa başlayıblar. Bu gündən yoxlanış İran avtobuslarına da şamil edilib. Mövcud durum isə həm erməni, həm də İran mediasında böyük səs-küyə səbəb olub.

Maraqlıdır, biz otuz ildə İrana vergi ödəyib problem yaratmadığımız halda, qonşu ölkənin hazırkı etirazına səbəb nədir?

Məsələni Yenisabah.az-a şərh edən Böyük Qurtuluş Partiyasının sədri, Milli Məclis deputatı Fazil Mustafa qeyd edib ki, İranın bu addımı onun ermənilərə dəstək verən siyasətinin nəticəsidir:

“Mövcud durum bunun daha qabarıq üzə çıxmasının bir görüntüsüdür. Təbii ki, iki qonşu ölkə bir-birinə dəstək verməlidir, amma iki qonşu ölkə həm də bir-birinin əleyhinə fəaliyyət göstərməməlidir.

İran isə birbaşa bizim düşmənimizlə əməkdaşlıq edir, üstəlik, Qarabağdakı separatçı qüvvələri dəstəkləyir. İran artıq faktik olaraq terrorçulara silah-sursat, qida, ərzaq daşıyan ölkəyə çevrilib, terrorizmi dəstəkləməklə məşğuldur”.

Millət vəkili vurğulayıb ki, Azərbaycan bu məsələni qonşuluğa görə gündəmə gətirmir:

“Biz BMT tribunasından fikir səsləndirməliyik ki, İran terror dəstəkləməyi dayandırsın.  Onsuz da İranın terrorçu dövlət kimi imici formalaşıb. Amma qonşuluq münasibətlərinə görə bunu etməyi müəyyən dərəcədə ləngidirik.

Bizim insanlar İran vasitəsilə Naxçıvana humanitar məqsədlə gedirlər. İran isə bölgədəki səfərləri humanitar məqsəd daşımır. Sən Ermənistanla əməkdaşlıq edib əlaqə qursan, bu sənin dövlət olaraq öz işindir, amma Azərbaycanın ərazisində ermənilərin olduğu bir bölgə ilə hər hansısa şəkildə əməkdaşlıq edirsənsə, deməli, qonşuluq prinsiplərinə zidd davranırsan.

Ona görə də bizim İranla bağlı münasibətimizdə bu məqam xüsusi diqqət cəlb edir, hazırda onun atdığı addımı yolverilməz hesab edirik. Fikirlərimizi də açıq şəkildə çatdırmışıq. İran da qonşu dövlət olaraq prinsiplərini, fikirlərini cilalamalıdır”.

Deputatın sözlərinə görə, dövlətarası sərhəddən kimsə keçir və bizim yoldan istifadə edirsə, o, mütləq şəkildə pul ödəməlidir:

“İran bizim yaxşı niyyətlə davranmağımızı istəyirsə, o zaman terrorçunu dəstəkləməyi dayandırsın. Onun birbaşa terrorçunu dəstəkləməyi bizim tərəfimizdən heç bir halda məqbul sayıla bilməz, ona görə də etirazımızı ciddi şəkildə bildiririk”.