İran vətəndaşı Azərbaycan sərhədçisinə bıçaqla hücum edib – FOTObackend

İran vətəndaşı Azərbaycan sərhədçisinə bıçaqla hücum edib – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

May ayının 4-də Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində Yardımlı rayonunun Ostair kəndinin yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində 3 nəfər naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozmasının qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətindən verilən məlumata görə, sərhəd naryadının “Dayan” əmrinə tabe olmayan sərhəd pozucuları əllərindəki əşyanı əraziyə ataraq havanın qaranlıq, relyefin mürəkkəb olmasından istifadə edərək geriyə qaçıblar. Ərazi dərhal qapadılaraq keçirilmiş axtarış tədbirləri nəticəsində 1 ədəd qara rəngli çantanın içərisində 11 550 qram narkotik vasitəyə (3415 qram marixuana, 5085 qram heroin, 2030 qram tiryək və 1020 qram metamfetamin) bənzər maddələr aşkarlanaraq götürülüb.

Həmin gün Yardımlı rayonunun Abbaslı kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində İran İslam Respublikasından Azərbaycan Respublikasının ərazisinə hərəkət edən 2 nəfər naməlum şəxsin dövlət sərhədini pozması sərhəd naryadı tərəfindən müşahidə edilib. Sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılıb, xidməti ərazi qapadılıb. Sərhəd naryadının “Dayan” əmrinə tabe olmayaraq ərazidən uzaqlaşmağa cəhd göstərən sərhəd pozucuları saxlanılıblar. Saxlama zamanı sərhəd pozucularından biri sərhəd naryadına qarşı bıçaqla müqavimət göstərib, cinayətkar tərksilah olunarkən üz nahiyəsindən yüngül xəsarət alıb, hadisə yerində ona ilkin tibbi yardım göstərilib.

Saxlanılan şəxslərin İran vətəndaşları 1973-cü il təvəllüdlü Səidi Zeğəm Səyyad və 1983-cü il təvəllüdlü İbrahim Seyiddi Ağabala olmaları müəyyənləşdirilib. Hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla Azərbaycan Respublikası ərazisinə gətirdikləri ümumi çəkisi 3935 qram narkotik vasitəyə (3840 qram marixuana və 95 qram metamfetamin) bənzər maddələr və 17715 ədəd “Preqabalin” həbi aşkar olunaraq götürülüb.

 

 

İnterpress.az