Tulkarmda terror şəbəkəsi ifşa olunub.
İnterpress.az xəbər verir ki, bu barədə İsrail mətbuatı məlumat yayıb. İsrail xüsusi xidmət orqanları hərbçilərə hücum planlaşdıran və raket hazırlayan qrupu zərərsizləşdirib.
Məlumata əsasən, İsrailin Ümumi Təhlükəsizlik Xidməti (ŞABAK) və polisinin birgə əməliyyatı nəticəsində İordan çayının qərb sahilində, Tulkarm şəhərində fəaliyyət göstərən terror şəbəkəsi aşkar edilib.
İstintaq zamanı saxlanılan yaraqlılardan biri – Əhməd Əbu Samranın ötən ilin sentyabrında hərbi cipin partladılmasında iştirak etdiyi üzə çıxıb. Həmin hücum nəticəsində bir neçə hərbçi xəsarət almışdı. Onun həmçinin hərbi yolsuzluq avtomobilinə qarşı digər partlayışda da iştirak etdiyi müəyyənləşib.
Bundan əlavə, partlayışların təşkilində və əldəqayırma qurğuların hazırlanması üçün zəruri materialların təmin edilməsində şübhəli bilinən Tulkarm sakini Xəlil Xrişa da saxlanılıb.
Əldə edilən məlumatlar əsasında İsrail ordusu noyabrın 17-də Tulkarm bölgəsində antiterror əməliyyatına başlayıb.
Əməliyyat zamanı müxtəlif hazırlıq mərhələsində olan üç raket, partlayıcı qurğular, aktivləşdirmə sistemləri və partlayıcı maddələr istehsalı üçün ləvazimatlar aşkar edilib.
Raketlərdən birində döyüş başlığı və partlayıcı maddə olduğu qeydə alınıb.
Xuraman Etibarlı
İnterpress.az






