“Makron regionda sülhün bərqərar olmasına xələl gətirməyə çalışır” – Şərhbackend

“Makron regionda sülhün bərqərar olmasına xələl gətirməyə çalışır” – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Noyabrın 30-da Fransa parlamentinin aşağı palatasında (Milli Assambleya) “Azərbaycanın Ermənistana təcavüzünün dayandırılması”nı tələb edən yalan və iftira dolu qətnamə qəbul edildi.
Milli Assambleyanın 256 deputatı qətnamənin lehinə səs verib. Qətnamə layihəsinin həmmüəllifləri “Renessans” partiyasından olan deputatlar olub. “Renessans” partiyası əslində Fransa Prezidenti Emmanuel Makron tərəfindən qurulan “İrəli, Republika” (LREM) partiyasıdır. Bu ilin sentyabr ayında partıya rəsmi olaraq adını “Renessans” olaraq dəyişib.

Mövzu ilə bağlı politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında bildirib ki, bu qətnamə prinsip etibarilə bir müddət əvvəl Senatda qəbul edilmiş qətnamə kimi Fransanın Azərbaycana qarşı növbəti təxribatıdır:

“Bu qətnamənin müəllifi birbaşa Fransa prezidenti Emmanuel Makrondur. O, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində “iştirak etmək” istəyir. Bunu bir neçə gün öncə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin ofisindən Prezidentin köməkçisi Hikmət Hacıyevə gələn zəng də təsdiqləyir. Həmin zəngdə bildirilib ki, Nikol Paşinyan görüşə yalnız Fransa Prezidenti Makronun iştirak edəcəyi təqdirdə razıdır. Noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransda prezident İlham Əliyev isə açıqca şəkildə bildirdi ki, “şərtli” görüşdən imtina edir. Prezident həm də onu qeyd etdi ki, 7 dekabr görüşü baş tutmayacaq və biz digər alternativləri nəzərdən keçirəcəyik.

Makron məlum qətnamə ilə regionda sülh və əmin-amanlığın bərqərar olması səylərinə xələl gətirməyə çalışır. O, bu yolla regionda Fransanın iştirakı olmadan sülhün bərqərar olmayacağı mesajını verməyə çalışır. Emmanuel Makronun Azərbaycan əleyhinə tutduğu mövqe onun heç bir halda vasitəçi ola bilməyəcəyini sübut edir. Bu baxımdan Fransa ilə siyasi əlaqələrin yenidən nəzər keçirilməsi üçün Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva məsləhətləşmək üçün Bakıya çağırılmalıdır. Həmçinin Azərbaycan Fransanın Əlcəzairdə törətdiyi soyqırım aktlarını rəsmi olaraq tanımalıdır. Eyni zamanda Rəsmi Bakı Korsikada baş verən iğtişaşlara və adanın müstəqillik hərəkatına siyasi dəstək verə, habelə Yeni Kaledoniyanın müstəqilliyini tanıya bilər”.