Milli dilimizin xilaskarı – Azərbaycan dilinə sevgisi ilə tarix yazmış Ümummilli lider Heydər Əliyevbackend

Milli dilimizin xilaskarı – Azərbaycan dilinə sevgisi ilə tarix yazmış Ümummilli lider Heydər Əliyev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünya siyasət tarixində özünəməxsus yer tutmuş, dahiliyi ilə bizi dünyaya tanıtmış və milli kimliyimizi bərpa etmiş, hər dövrün qəhrəmanı Heydər Əliyev Azərbaycanın hər sahəsində atdığı addımlarla xalqına xidmət etmiş və ömrünün ən dəyərli illərində Azərbaycanın rəhbəri olmuşdur. Hakimiyyətə gəldiyi ilk dövrlərdən, yəni 1969-cu ildən Heydər Əliyev Azərbaycanda yeni bir tərəqqi dövrünə imza atdı. O zaman məhz Heydər Əliyevin gəlişi ilə cəmiyyət həyatının bütün sahələrində sürətli yüksəliş, milli ruhun inkişafı və mənəviyyatın tərəqqisi dövrü yaşandı. Həmin ildən bəri yaşanan dövr Heydər Əliyevin adı ilə sıx bağlıdır və tariximizə “Heydər Əliyev dövrü” kimi həkk olunmuşdur. Heydər Əliyevin qarşısında hələ bu vaxtacan onun sələflərinin heç birinin cəsarət edə bilmədiyi misli görünməmiş vəzifələr dayanmışdı. Resbublikanın iqtisadiyyatını əsaslı şəkildə dəyişmək, onu qüdrətli dövlətin xammal istehlakçılarından qabaqcıl, müasir texnika və texnologiya ilə təchiz olunmuş sənaye bazasına çevirmək, kənd təsərrüfatının inkişafını sürətləndirmək, Bakının dünyanın ən gözəl və abad şəhəri kimi simasını özünə qaytarmaq, Azərbaycan kəndini dirçəltmək, Azərbaycan əhalisinin sosial, mədəni və təhsil səviyyəsini qaldırmaq, onun xaricdə yaşayan həmvətənlərlə əlaqəsini möhkəmləndirmək kimi öhdəliklərin icrasını həyata keçirmişdir.

Hakimiyyətdə olduğu illərdə Heydər Əliyev mədəniyyətimizin inkişafına xüsusi diqqət və qayğı göstərmişdir. Azərbaycan dilini sevən, ona hörmətlə yanaşan Ümummilli lider Heydər Əliyev dilimizə olan münasibəti ilə hər kəsə örnək olmuşdur. Çünki dövlət qayğısı olmasaydı, dilimiz inkişaf edə bilməzdi. Heydər Əliyev 70-ci illərdə Azərbaycanda gedən milliləşmə prosesinə, 90-cı illərdən isə milli və müstəqil Azərbaycan dövlətinin qurulmasına rəhbərlik etməklə yanaşı dünya tarixinə böyük dil siyasətçilərindən biri kimi də tarixdə iz qoymuşdur.

Ana dili hər bir xalqın milli sərvətidir.Tarixə nəzər salsaq görərik ki, Azərbaycan dili müxtəlif dövrlərdə rəsmən dövlət dili kimi elan edilib bir müddət fəaliyyət göstərsə də, dövlət dili statusu uzun sürə bilməmişdir. Lakin Ümummilli lider Heydər Əliyevin zəngin təcrübəsi, yüksək intellekti mənəviyyatımıza, mədəniyyətimizə dərindən bələd olması sayəsində 60-cı illərin sonlarından başlayaraq həyata keçirilən dil siyasəti doğma dilimizin daha da zənginləşməsinə, inkişaf etməsinə zəmin yaratdı. Ümumiyyətlə 70-80-ci illərdə Heydər Əliyevin respublikada yürütdüyü dil siyasətinin əsasını, ona milli mütəşəkkilliyinin mühüm amili olaraq baxılması, onun siyasi nüfuzunun gücləndirilməsi və bütün bunların reallaşdırılması üçün şəxsi təşəbbüslərə meydan verilməsi təşkil edirdi.

Heydər Əliyev deyirdi: “Hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı öz ana dilini-Azərbaycan dilini, dövlət dilini bilməlidir. Mən bu gün böyük iftixar hissi ilə deyə bilərəm ki, Azərbaycan dili iyirminci əsrdə böyük inkişaf yolu keçmişdir. İndi baxın bizim dilimiz nə qədər zəngindir, nə qədər məlahətlidir, nə qədər şirindir və bütün fikirləri ifadə etməsi üçün nə qədər söz ehtiyyatlarına malikdir. Biz Azərbaycanda Azərbaycan dilinin hakim olmasını, Azərbaycan dilinin getdikcə inkişaf etməsini təmin edəcəyik.”

Hər iki ictimai quruluşda Azərbaycana rəhbərlik edən Ümummilli lider Heydər Əliyev dil məsələsinə öz mövqeyini hər zaman bildirmişdir. Azərbaycan dilinin işlənməsi və inkişaf etdirilməsi məsələsinə xüsusi önəm yetirən siyasi xadim ana dilimizi – Azərbaycan dilini özümüzə qaytardı. 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının dövlət dilinin Azərbaycan dili olması öz əksini tapmışdır. Bundan sonra bir-birinin ardınca fərmanlar imzalanmış, qanunlar qəbul edilmişdir.

2002-ci il sentyabrın 30-da “Azərbaycan Respublikasında dövlət dili haqqında Qanun”un qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və inkişaf etdirilməsi, dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli mədəni özünu müdafiə ehtiyaclarının öyrənilməsi istiqamətində daha bir addım olmuşdur. Bu sənəd Heydər Əliyevin xalqımıza və onun dilinə tükənməz məhəbbətinin, qayğının təzahürüdür. Dahi lider dövlət dilinin qayğısına ona görə qalırdı ki, O, dilimizi xalqımızın ən böyük milli sərvəti hesab edir və bu sərvətin göz bəbəyi kimi qorunmasının hüquqi əsaslarının yaradılmasına çalışır və buna nail olurdu.

Avqustun 1-i Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd olunur. Bu əlamatdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilmişdir. Ana dilinin hərtərəfli inkişafı, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dahi rəhbərin dil siyasətini uğurla davam etdirir. Bu, həm də cənab Prezidentin öz xalqının milli adət-ənənlərinə, onun qədim mədəniyyətinə bağlılığı ilə izah olunur. Milli maraqları və milli mənəvi dəyərləri ümumbəşəri sərvətlərə uyğun şəkildə inkişaf etdirmək məharəti, siyasi prosesləri intellektual qiymətləndirmə Prezident İlham Əliyevin milli, siyasi təfəkkürünün mühüm keyfiyyətləridir.

Sonda Heydər Əliyevin “Gənclərimiz tariximizi, dilimizi, mədəniyyətimizi və dini dəyərlərimizi yaxşı bilməlidirlər” fikrini daima əsas tutaraq atdığı addımlarla ölkəmizə, gələcəyimizə dəstək olan və əlindən gələni əsirgəməyən xalqın sevimli oğlu, əziz Prezidentimiz İlham Əliyevə təşəkkür edirik və bu məsuliyyətli yolda ona uğurlar arzu edirik.

 

Suraxanı rayon Heydər Əliyev

Mərkəzinin əməkdaşı Könül Xalıqova