Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev tibbi tullantıların idarə edilməsinin təkcə əhalinin qorunması üçün yox, ətraf mühitin mühafizəsi üçün də önəmli məsələ olduğunu bildirib.
İnterpress.az xəbər verir ki, o, bunu Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə tibbi tullantıların düzgün idarə olunmasına dair tibb işçiləri üçün keçirilən maarifləndirici tədbirdə deyib.
R.Hacıyev qeyd edib ki, tibbi tullantıların düzgün idarə olunması onların çeşidlənməsi, toplanması və saxlanılması prosesi ilə başlayır: “Tibbi tullantıların düzgün utilizasiya edilməməsi infeksiyaların yayılması, su mənbələrinin çirklənməsi və təhlükəli maddələrin buraxılması daxil da olmaqla ciddi risklər yaradır. Bu tullantıların tələblərə uyğun daşınması və zərərsizləşdirilməsi əhəmiyyətlidir. Həmçinin bu sahədə aidiyyəti qurumların koordinasiyalı əlaqəli işi önəmli yer tutur. Səhiyyə, Ekologiya və Təbii Sərvətlər nazirlikləri tərəfindən tibbi tullantıların idarə edilməsi sahəsində koordinasiyalı fəaliyyətin təmin edilməsi məqsədilə işçi qrup tullantıların idarə olunması sahəsində mövcud vəziyyətin daha ətraflı öyrənilməsi, bu sahədə problemlərin aradan qaldırılması və zəruri tədbirlərin həyata keçirilməsi üçün təkliflər hazırlayıb. İşçi qrup çərçivəsində bu sahədə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə mütəmadi görüşlər keçirilir və müzakirələr aparılır”.
Nazir müavini vurğulayıb ki, bu sahədə işlər daha da gücləndirilməli və aidiyyəti qurumlarla birlikdə tibbi tullantıların daha səmərəli idarəsinə nail olunmalıdır.