Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə “Birlikdə yaşadaq” şüarı altında keçirilən “YAŞAT” Xeyriyyə marafonu davam edir.
Xeyriyyə marafonunun məqsədi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılara qazilərə və şəhid ailələrinə dəstək üçün çağırışlar etmək, birlik və həmrəylik nümayiş etdirərək, Azərbaycan diasporunun daim dövlətimizin, torpaqlarımızın azadlığı yolunda canını və sağlamlığını fəda edən insanların yanında olduğunu göstərməkdir.
Qeyd edək ki, marafon mayın 25-i ictimaiyyətə təqdim ediləcək. İştirak edən dövlətlərlə canlı bağlantılar qurulacaq.
Avropa Azərbaycanlıları Konqresi idarə heyətinin üzvü, Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov Modern.az-a deyib ki, Azərbaycan Diasporuna Dəstək Fondunun keçirdiyi xeyriyyə marafonu dünyanın hər bir yerində olduğu kimi, Niderlandda yaşayan azərbaycanlıları da çox məmnun edir:
“Biz belə bir aksiyanın həyata keçməsinə çox sevinirik. Ən önəmlisi də odur ki, bu tədbir “YAŞAT” Fondu ilə bərabər həyata keçirilir. Artıq Azərbaycan qalib bir xalqdır. Dünyanın hər bir yerində başıuca gəzirik. Biz dövlətimiz və vətənimiz üçün həyatını və sağlamlığını qurban verən şəhidlərin, qazilərin sayəsində bu qələbəni qazandıq.Və bu gün hər birimiz həm mənəvi, həm də maddi cəhətdən o insanlara dəstək olmalıyıq. Bu bizim vətən qarşısında olan borcumuzdur. Bu, eyni zamanda Azərbaycan xalqının mənəvi cəhətdən bütövləşməsi, birliyimiz deməkdir”.
E.Məmmədovun sözlərinə görə, yardım ənənələrini çoxaltmaqla milli birliyimizi gücləndirə bilərik:
“Ona görə də yardım ənənələrimizi daha da genişləndirməliyik. Azərbaycanlılar dünyanın harasında yaşamağından aslı olmayaraq öz şəhid ailələrinə, qazilərə sahib çıxmalıdır. Niderlandda yaşayan 7 yaşlı uşaq özü üçün yığdığı pulu həmin fonda ianə olaraq keçirirsə, elə bu uşaqdan böyüyə hər kəsin birləşməsi, Azərbaycan xalqının böyüklüyü, birliyi deməkdir.
Biz məhz o qazilərimizin, şəhidlərimizin sayəsində bir dəmir yumruq ola, o yumruğu düşmənin başına endirə bildik. Niderlandda yaşayan azərbaycanlılar və Benilüks Azərbaycanlıları Konqresi olaraq biz hər zaman bu aksiyalara könüldən dəstək verməyə davam edəcəyik. Tədbiri həyata keçirən qurumlara təşəkkür edirəm. Çalışmalıyıq ki, bundan sonra haradasa belə xeyriyyə mrafonları keçiriləcəksə, onlardan nümunə götürək. Bu nümunələrdən birini qardaş Türkiyədən götürməliyik. Onlar artıq bu yardımı milli ənənəyə çeviriblər. İstəyərdim ki, Azərbaycanda da bu milli ənənə, ideoloji istiqamət olsun. Bu Azərbaycançılığın daha da güclənməyi deməkdir.
Azərbaycanda digər millətlərin, xalqların etnik qrupları yaşayır. Onların hamısı müharibə zamanı bir oldular. Düşməni işğal olunmuş torpaqlardan kəsib kənara ata bildik. Biz bu tədbirlərin sayəsində öz birliyimizi qoruya bilərik. Belə tədbirlərlə qazilərə, şəhid ailələrinə sahib çıxmalıyıq, bu bizim borcumuzdur”.
İnterpress.az