Nüvə müharibəsi ehtimalını artıran silahlar: Ehtiyac, yoxsa siyasi gediş?backend

Nüvə müharibəsi ehtimalını artıran silahlar: Ehtiyac, yoxsa siyasi gediş?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Hərbi Dəniz Qüvvələri bərk yanacaqlı birinci pilləli hipersəsli raketin ikinci sınağını həyata keçirib.

Bu barədə ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin saytında yerləşdirilən açıqlamada deyilir.

Raketin ikinci sınağı Yuta ştatının Promontori şəhərində aparılıb.

Qeyd edək ki, uzun müddətdir ABŞ və Rusiya münasibətləri yenidən gərginləşib. Tərəflər tez-tez yeni silahlarını nümayiş etdirərək bir-birlərinə meydan oxuyur və sanki gözdağı verirlər. İki ölkə arasındakı vəziyyətin gərginləşdiyi bir vaxtda ABŞ-ın hipersəsli raket sınağı keçirməsi heç də birmənalı qarşılanmadı. Həmçinin, bu xəbər dünyada geniş şəkildə müzakirə olunmağa başladı.

Maraqlıdır, Rusiya və ABŞ arasında yeni silahlanma yarışı baş verəcək?

Bununla bağlı Cebhe.info-ya danışan hərbi ekspert Ramil Məmmədli bildirib ki, iki ölkə arasındakı silahlanma yarışı artıq başlayıb:

“Hazırda hipersəsli raketlər Rusiyada da mövcuddur. Hətta bir neçə il bundan əvvəl Vladimir Putin bu raketləri yaratdıqlarına dair özü şəxsən açıqlama vermişdi. Rusiya yaxın vaxtlarda bu məsələyə dair öz mövqeyini bildirəcək.

Hesab edirəm ki, onlar tezliklə ABŞ-ın bu silahlarına adekvat olaraq hərbi sahədə yeni elmi kəşfini təqdim edəcək. Nəzərə almaq lazımdır ki, rəsmi Moskva üçün artıq vəziyyət kritik həddə çatıb. Çünki son 20 ildə gedən bütün proseslər Rusiyanın əlehinə işləyir.

1987-ci ildə ABŞ prezidenti Ronald Reyqan və SSRİ rəhbəri Mixail Qorbaçov arasında Avropada qısa və ortamənzilli ballistik raketlərin ləğvinə dair müqavilə imzalanmışdı.

Sənədə əsasən, həm ABŞ, həm də SSRİ silahlanmaya ayrılan vəsaiti 2 dəfə azaltmalı və nüvə başlığı daşıya biləcək raket komplekslərinin böyük əksəriyyətini ləğv etməli idi. Bu prosesin bir hissəsi reallaşdı, hətta həmin dövrdə ABŞ həmin raketlərin ləğvi üçün SSRİ düdcəsinə müəyyən qədər pul köçürmüşdü. Məhz həmin dövr tarixdə silahlanma yarışının dayandırılması və “soyuq müharibə”nin bitməsi kimi dəyərləndirilir”.

Hərbi eskpert əlavə edib ki, Vladimir Putin növbəti dəfə prezident seçildikdən sonra bu məsələyə yenidən baxıldı:

“Qeyd edim ki, tərəflər arasında kütləvi qırğın silahlarının qarşısnın alınması üçün müəyyən tədbirlər görülməyə başlanılmışdı. Lakin Putin bu qərarın səhv və birtərəfli olduğunu bildirdi. O, bu qərarın sadəcə olaraq, SSRİ tərəfindən icra olunduğunu bəyan etmişdi. Daha sonra isə Rusiyada silahlanmanın yeni mərhələsinə qədəm qoyuldu.

Suriyada ABŞ və Rusiya arasındakı qarşıdurma isə yeni “soyuq müharibə”nin başlamasına səbəb oldu. Çünki orada faktiki olaraq hibrid müharibə vəziyyəti yaranmışdı. “Soyuq müharibə”nin ən pik mərhələsi isə 2013-2014-cu illərdəki Ukrayna krizi ilə başladı. Bunun nəticəsində isə Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq olundu. Bundan sonra isə həm Rusiya, həm də ABŞ silahlanmaya külli miqdarda vəsait ayırmağa başladı.

Baş verənlərə və mövcud şəraitə diqqətlə nəzərə salanda görürük ki, deyilənlərin əksinə olaraq, daha çox ABŞ Rusiyaya yaxınlaşaraq təhdid törətməyə çalışır”.