Onlayn narkotik satışı: “İnsanlar narkomaniya ilə mübarizədə maraqlı deyil” – EKSPERTbackend

Onlayn narkotik satışı: “İnsanlar narkomaniya ilə mübarizədə maraqlı deyil” – EKSPERT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Narkotik vasitələri onlayn satanlar qız və ya şirkət adından istifadə edirlər”.

Bu sözləri son günlər sosial şəbəkələrdə narkotik vasitələrin açıq satışını əks etdirən məlumatların yayılmasına münasibət bildirən narkomaniya üzrə ekspert Emil Maqalov  açıqlamasında deyib.

Ekspert bildirib ki, narkotik vasitələrin onlayn satışı pandemiya dövründə daha da sürətlənib:

“Bu, dünya ölkələrində də açıq müşahidə olunur. Azərbaycanda isə narkotik vasitələrin onlayn satışı təzə meydana çıxıb. Ümumilikdə bu tendensiyanın qarşısını almaq narkotik satan şəxsi satış zamanı tutmaqdan nisbətən asandır. Narkotik vasitələrin sosial şəbəkələrdə açıq şəkildə satışının həyata keçirilməsini əks etdirən hesablar sadəcə bir mifdir. Yayılan sosial şəbəkə hesabları bəzi başıboşların işidir və onlar hüquq-mühafizə orqanları tərəfindən cəzalandırılır. Əsl satışla məşğul olanlar qız və ya şirkət adından istifadə edirlər”.

Narkomaniya ilə mübarizədə həyata keçirilən maarrifləndirmə işlərinin effekt verməməsinin səbəblərinə də toxunan Emil Maqalova görə, əsas problem mübarizə metodlarının düzgün təyin olunmamasıdır:

“Çünki narkomaniya ilə bağlı maarrifləndirən şəxsin özünün bu sahədən xəbəri yoxdur. Əsasən, kimsə öz adamlarını qabağa çəkmək üçün bu şəxsləri efirə çıxarır. Narkomaniya üzrə mütəxəssislər isə kənarda qalırlar. Reklam üçün danışdırılan şəxslər ya həkimlərdir, ya da bu sahəyə aiddiyyatı olmayan şəxslər. Əslində, çox insanlar narkomaniya ilə mübarizədə maraqlı deyil. Narkomaniya ilə mübarizədə bütün yükü polislərin üzərinə atmaq doğru deyil. Bu baxımdan mübarizə çərçivəsində cəmiyyət olaraq birlik nümayiş etdirmək zəruridir”. Yenicag.az