Özəlləşdirmə çeklərilə bağlı SOSİAL TƏLƏB: “Yenidən dövriyyəyə qaytarılsın” – Deputatbackend

Özəlləşdirmə çeklərilə bağlı SOSİAL TƏLƏB: “Yenidən dövriyyəyə qaytarılsın” – Deputat

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Özəlləşdirmə çeklərinin müddətinin 2011-ci il yanvarın 1-də bitməsinə baxmayaraq, hələ də əksər insanlarda bu çeklər qalmaqdadır. Düzdür, hazırda praktik olaraq özəlləşdirmə prosesində vauçerlərdən istifadə edilmir, lakin əlində çekləri qalan vətəndaşlar hələ də ümidlə gözləyirlər.

Qeyd edək ki, özəlləşdirmə paylarının dövriyyəyə buraxılmasına 1996-cı il yanvarın 1-dən başlanıb və bu, iki mərhələdə həyata keçirilib. Ümumilikdə, vətəndaşlara 31,9 milyon özəlləşdirmə çeki paylanıb. Qanunvericiliyə uyğun olaraq 1997-ci il yanvarın 1-dək anadan olan Azərbaycanın hər bir vətəndaşına əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları verilib. Fərmana əsasən, özəlləşdiriləcək bütün dövlət əmlakının 65 faizi özəlləşdirmə çekləri vasitəsilə aparılmalıdır. Hər bir çekin dəyəri isə 1/32 milyonda hissədir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Dövlət özəlləşdirmə çeklərindən daha geniş istifadənin təmin olunması məqsədi ilə onların tədavül müddəti bir neçə dəfə uzadılıb.

Əlində çekləri qalan 31 min vətəndaş isə haqlarının geri qaytarılması üçün ölkə başçısı İlham Əliyevə açıq məktub ünvanlayıblar. Sözügedən məktubla buradan tanış ola bilərsiniz.

Mövzu ilə bağlı deputat Azər Badamov Yenicag.az-a açıqlamasında bildirib ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması əlində çeki qalmış vətəndaşlar üçün əlverişli şərait yaradacaq:

“Təəssüf ki, o vaxtı çek sahib olan hər kəs özəlləşmə prosesindən yararlana bilmədi. Hazırda özəlləşdirmə çeklərinin tədavülü bərpa olunmadığı üçün vətəndaşlar əllərində qalan vauçerlərdən istifadə edə bilmirlər. Yaxşı olardı ki, həmin çeklər yenidən dövriyyəyə qaytarılsın. Bu halda, insanlar əllərindəki özəlləşdirmə çeklərini əmlak özəlləşdirilməsində istifadə edə bilərlər. Özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması insanların sosial rifahına müsbət təsir göstərəcək. Təbii ki, bununla bağlı hökumətin qərarı olmalıdır. Bu məsələ ölkə başçısının səlahiyyətinə daxildir. Əgər dövlət başçısı sərəncam imzalayarsa, sözügedən çeklərdən yerli və xarici investorlar yenidən istifadə edə biləcəklər”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) vitse-prezidenti, Azərbaycan Turizm və Menecment Universitetinin professoru, İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı vurğulayıb ki, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması arzuolunandır:

“O vaxtı məndə də özəlləşdirmə çeki olub və həmin mərhələni yaşamışam. Həmin dövrdə məmurlar özəlləşdirmə çeklərini su qiymətinə əldə edərək özləri üçün biznes sahələri qurdular. Yadıma gəlir ki, özəlləşdirmə çekləri o vaxtın pulu ilə bir şirvana metronun qarşısında satılırdı və alınırdı. O vaxtı zavodda çalışan işçi düşünürdü ki, özəlləşmə prosesi zamanı pay sahibi olacaq. Bu çeklər dəyərdən düşəndən sonra isə əllərdə qalan vauçerlər istifadəsiz qaldı. İndiki zamanda bu məsələnin yenidən gündəmə gəlməsi sosial problemi çox olan vətəndaşlara ümid vermək kimidir. Əslində, özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması arzuolunandır. Əgər kimdəsə bu çeklərdən qalıbsa, hansısa formada bəhrələnməsi yaxşı olardı”.

”Status” Sosial Araşdırmalar Mərkəzinin rəhbəri, sosioloq Nail Cəlil isə öz nəvbəsində qeyd edib ki, özəlləşdirmə çeklərinin yenidən tədavülü fonunda qiymətləndirmə siyasətinin düzgün aparılması effektiv nəticələr verə bilər:

“İlkin nominal dəyəri 2 000 dollar həcmində qiymətləndirilən çeklər o vaxtı vətəndaşlar tərəfindən işbazlara ucuz qiymətə satıldı. Yəni sıravi vətəndaş müəyyən səbəblərdən dolayı həmin çekləri dəyərindən ən azı 13-14 dəfə ucuz qiymətə satmağa məcbur oldu. Çeklərin böyük hissəsindən bir sıra müəssisələrin, mühüm iqtisadi obyektlərin özəlləşdirilməsində istifadə olunsa da, reallaşdırılmayan və ya əllərdə qalan çeklərin həcmi 1,6 milyon ədəddən artıqdır. Vətəndaşlarda qalmış 1,6 milyon özəlləşdirmə payının birtərəfli qaydada dövriyyədən çıxarılması isə mülkiyyət hüquqlarına zidd qərardır. Çünki özəlləşdirmə çekləri vətəndaşların müvafiq dövlət əmlakında xüsusi payını ifadə edir və heç bir halda – ağır cinayətlər istisna olunmaqla – vətəndaş bu qanuni payından məhrum edilə bilməz. Onu da qeyd edim ki, çeklərlə müəyyənləşdirilən özəl mülkiyyət payı birbaşa inflyasiyadan kənarda qalan dövlət əmlakına şamil edilir. Ona görə də baş verən inflyasiya nəzərə alınmaqla yenidən indeksləşmənin aparılması vətəndaşların mühüm qisminin sosial-iqtisadi vəziyyətinə müsbət təsir göstərə bilər. Eyni zamanda, sahibkarlığı stimullaşdırmaq nöqteyi-nəzərindən də özəlləşdirmə çeklərinin yenidən tədavülə buraxılması məqsədəuyğundur”.