Paşinyan üç stulda oturur: Vəziyyəti ağırlaşır…backend

Paşinyan üç stulda oturur: Vəziyyəti ağırlaşır…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan Təhlükəsizlik Şurasının katibinin Armen Qriqoryan deyib ki, ölkəsi hazırda çox ağır vəziyyətdədir. Onun sözlərinə görə, hazırda Ermənistanı qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir.

O bildirib ki, İrəvan Qərbə meyilli olmaqda ittiham edilir: “Lakin biz Hindistanla da intensiv əməkdaşlıq edirik”.

A.Qriqoryan söyləyib ki, Rusiya siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir.

TŞ katibinin açıqlaması daha çox Qərb- Rusiya mübarizəsi kontekstindən qiymətləndirilməlidir. Məlum olduğu kimi, Cənubi Qafqazla bağlı həm Qərbin, həm Rusiyanın maraqları var. Hər iki tərəf bu maraqlarının təmin olunması üçün Ermənistana təzyiq göstərir. Çünki regionun “ən zəif bəndi” məhz İrəvandır.

Hazırda regionda maraqlı olan oyunçuların hər birinin – həm Rusiyanın, həm ABŞ-ın, həm də Avropa İttifaqının (Aİ) gündəliyindəki əsas məsələ Ermənistanla Azərbaycan arasında imzalanması gözlənilən sülh müqaviləsidir. Əlbəttə, sözügedən gücləri düşündürən ancaq onların öz maraqlarıdır. Həm Moskva, həm Vaşinqton, həm də Brüssel çalışır ki, sülh müqaviləsi onun iştirakı ilə imzalansın. Sülh müqaviləsi ilə bağlı hansı tərəfin “əli daha güclü olarsa”, o da digər iki tərəfdən fərqli olaraq regiondakı təsir gücünü artıracaq.

Qərb Rusiyadan fərqli olaraq ehtimal edilən sülh müqaviləsində daha maraqlıdır. Çünki Qərb üçün prioritet Cənubi Qafqazdakı iqtisadi maraqlardır. Bunun üçün isə regionda təhlükəsizliyin təmin olunması, həmçinin nəqliyyat – kommunikasiya xəttlərinin açılması vacibdir.

Ermənistan baş naziri Nikol Paşinyanın atdığı bütün addımlar vaxtın uzadılmasına hesablansa da, əslində o, sülh müqaviləsində maraqlı görünür. Amma sülh müqaviləsi onun iradəsindən daha çox, Qərblə Rusiyanın mübarizəsinin nəticəsindən asılıdır. İndi əsas məsələlərdən biri bu güclərdən hansının İrəvana “diktə edəcəyidir”.

Şübhəsiz ki, həm Qərbin, həm də Rusiyanın Ermənistana təzyiqi getdikcə artır. Elə ona görə də Qriqoryan ölkəsinin çətin vəziyyətdə olduğunu söyləyib. O, “Ermənistanı qorumalı olan təhlükəsizlik mexanizmləri işləmir” fikri ilə, yəqin ki, hər iki tərəfə mesaj verməyə çalışır. Şübhəsiz, TŞ sədri konkret olaraq tərəflərdən birini ittiham edə bilməzdi. Birincisi, ona görə ki, bu, diplomatik səhv olmaqla yanaşı, həm də İrəvana baha başa gələrdi. İkincisi isə onsuz da hər iki tərəf Ermənistana təzyiq göstərir. Belə olan halda isə İrəvan “müttəfiqlərinin” birindən digərinə qarşı istifadə etmək niyyətindədir.

Qriqoryan “Bizi Qərbə meyilli olmaqda ittiham edirlər” deməklə, əlbəttə, Rusiyanı nəzərdə tutub. İrəvanın Vaşinqton və Brüssellə yaxınlaşması Moskvanın xoşuna gəlmir. Çünki Rusiyanın regiondakı təsir gücü zəifləyir. TŞ sədri Hindistanla əlaqələri nümunə göstərməklə isə bir növ özünü axmaq yerinə qoyub. Məsələ burasındadır ki, Ermənistanla Hindistan arasında münasibətlər Rusiyanı narahat etmir. Əksinə, Moskva da Deyli ilə normal münasibətlərə malikdir. Rusiyanı qıcıqlandıran Ermənistanın məhz Qərbə meylidir.

Qriqoryan “Rusiya siyasi səviyyədə Ermənistanın təhlükəsizlik problemlərini həll edə bilməyəcəyini bəyan etmir” sözləri ilə də Moskvaya mesaj verib. O, yəqin, demək istəyib ki, Moskva İrəvanın hazırkı çətin situasiyadan çıxması üçün kömək etməli, anlayışlı olmalıdır.

Ümumiyyətlə, Ermənistan hazırda Brüssel, Vaşinqton və Moskvanın arasında qalıb. Üç böyük güc arasında mübarizə davam etdikcə və İrəvan konkret addımlar atmadıqca Ermənistanın vəziyyəti daha da ağırlaşacaq.

Kənan Novruzov
İnterpress.az