Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bizi qarşıda yeni uğurlar və qələbələr gözləyirbackend

Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bizi qarşıda yeni uğurlar və qələbələr gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəxtiyar İslamov

YAP Gənclər Birliyinin sədr

iBu gün Azərbaycan xalqının iradəsinin ən bariz nəticəsi, cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 4-cü ili tamam olur. 2003-cü ildən bu günə kimi Azərbaycanın keçdiyi tərəqqi və inkişaf yolunun müəllifi olan Prezident İlham Əliyev xalqımızın inam və etimadına arxalanaraq Azərbaycanı dünyanın davamlı inkişaf mərkəzlərindən birinə çevirib. Sonuncu Prezident seçkilərinin nəticələrindən sonra andiçmə mərasimindəki çıxışı zamanı da Müzəffər Ali Baş Komandan gələcəkdə daha böyük planlar və proqramlarının bizi gözlədiyini açıq şəkildə vurğulayırdı. Bu planların ölkəmizə daha böyük uğurlar və nailiyyətlər gətirəcəyindən əmin olan xalqımız növbəti dəfə öz iradəsini ortaya qoydu, Azərbaycanın daha böyük inkişafına, təhlükəsizliyinə və gələcəyinə səs verdi.

Ötən 4 il bir çox cəhətdən ölkəmiz üçün nailiyyətlərlə yadda qaldı: iqtisadi yüksəliş, hər il daha da artan sosialyönümlü büdcə, davamlı inkişaf, siyasi sabitlik və bir çox saya biləcəyimiz uğurlar. Şübhəsiz ki, bütün bunların başında 30 ilə yaxın davam edən həsrətə son qoyan, torpaqlarımızın bütövlüyünə qovuşduğumuz Vətən müharibəsi gəlir. Prezident cənab İlham Əliyevin tərəqqiyə və gələcəyə hesablanmış siyasəti bir daha sübut etdi ki, ötən illər ərzində atılan heç bir addım, deyilən heç bir söz təsadüfi deyil. Müzəffər Ali Baş Komandan nəyi, nə vaxt, necə edəcəyini hər kəsdən daha yaxşı bilir. 2020-ci ildə dəmir yumruq ətrafında birləşərək yaşadığımız 44 günlük Vətən müharibəsi bütün bunların ən möhtəşəm və qürurlu təcəssümü idi.

2003-cü ildə Azərbaycan xalqı Prezident İlham Əliyevə səs verməklə ölkəmiz və millətimiz üçün ən doğru seçimi etmiş oldu. Ölkə başçısının həyata keçirdiyi daxili və xarici siyasət, dəqiqliklə hesablanaraq atılan hər bir addım elə ilk illərdən başlayaraq gələcəyin Azərbaycan üçün gətirəcəyi tərəqqi və nailiyyətləri hər birimizə göstərirdi.

2003-2018-ci illərdə ölkəmizdə həyata keçirilən sosial siyasət, xalqın rifahının yüksəlməsi istiqamətində atılan addımlar, davamlı iqtisadi inkişaf 2018-ci ildə Azərbaycan xalqının bir daha Prezident cənab İlham Əliyevə yüksək etimad göstərməsi ilə nəticələndi. Bunun nəticəsi idi ki, ötən 4 ildə bütün dünyanı iqtisadi böhranların, sosial və siyasi fəlakətlərin bürüməsinə baxmayaraq Azərbaycan öz liderinin siyasi iradəsi nəticəsində daha da inkişaf etdi, hər bir sahədə dayanıqlı tərəqqi təmin edildi. Prezident İlham Əliyevin atdığı addımların nəticəsidir ki, bu gün Azərbaycan bütöv, güclü, sabit və beynəlxalq arenada böyük nüfuza sahib bir ölkədir. Təsadüfi deyil ki, bu gün ölkəmizdə atılan hər bir addım milli maraqların qorunmasına hesablanıb.

Prezident İlham Əliyevin hakimiyyəti dövründə formalaşan Azərbaycan gəncliyi onun liderliyinin və uzaqgörən şəxsiyyətinin digər bir bariz sübutudur. Rəşadətli Azərbaycan Ordusunun mütləq əksəriyyətini təşkil edən bu gənclik Vətən müharibəsində heç bir zaman görmədiyi vətən torpağını Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında böyük qəhrəmanlıq və şücaət göstərərək düşmən işğalından azad etdi. Bu qəhrəmanlığın təməlində Azərbaycanda həyata keçirilən gənclər siyasəti, vətənpərvərlik, dövlətçilik, milli kimliyinə bağlılıq, varislik kimi dəyərlər dayanırdı. Məhz bu dəyər və prinsiplərlə formalaşan Azərbaycan gəncliyi Prezident cənab İlham Əliyevin ətrafında sıx birləşib və onun tövsiyə-tapşırıqları ilə inkişaf edir.

Cənab İlham Əliyevin 2018-ci il aprelin 11-də Azərbaycan Respublikasının Prezidenti seçilməsindən ötən 4 ildə qazanılan nailiyyət və uğurlar bu gün Azərbaycan xalqının, xüsusi ilə Azərbaycan gəncliyinin üzərinə yeni vəzifələr qoyur. Vətən müharibəsində qazanılmış böyük və şanlı qələbəmizə qədər əgər ən başlıca məqsəd və vəzifəmiz torpaqlarımızın, ərazi bütövlüyümüzün bərpası idisə, bu gün regionda Azərbaycanın yaratdığı yeni reallıqlar var. Bu reallıqlar biz gənclərdən ölkəmizin müstəqilliyinin qorunub saxlanılması, Azərbaycanın davamlı inkişafı və daha da güclənməsi üçün bütün gücümüzü səfərbər etməyimizi tələb edir. Azərbaycan gəncliyi məhz bu vəzifəsində hər daim uğurlu olması üçün vətənpərvərlik və dövlətçilik dəyərlərini uca tutmalı, öz dünyagörüşünü daha da artırmalı, innovativ və çevik düşünməyi bacarmalıdır. Bu günün gəncləri həm də onlara aşılanmış dəyər və prinsipləri özlərindən sonra gələcək nəsilə ötürəcək şəxslərdir.

Bu gün bütün dünyada artan xaosun, konflikt və böhranların şahidi oluruq. Başverənlər fonunda ölkəmizin tutduğu mövqenin düzgünlüyünün böyük dövlətlərin, beynəlxalq təşkilatların Prezident İlham Əliyevə göstərdikləri ehtiram və minnətdalıqlarla bir daha şahidi oluruq. Şübhəsiz ki, bütün xarici qüvvələrin, kənar təsirlərin cəhdlərinə baxmayaraq Azərbaycan bundan sonra da öz lideri ilə daha böyük qələbələrə imza atacaqdır. Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bizi qarşıda yeni uğurlar və qələbələr gözləyir.