“Qərarın mürəkkəbi qurumamış qiymətlər artıb“ – Deputatdan etirazbackend

“Qərarın mürəkkəbi qurumamış qiymətlər artıb“ – Deputatdan etiraz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Təbii qaz və elektrik enerjisinin qiymətinin artırılması əhalinin sosial həyatına təsir edib”.

Yenisabah.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Razi Nurullayev deyib.

Deputat bildirib ki, qərarın mürəkkəbi qurumamış marketlərdə qiymətlər artıb: “Açığı, sahibkarların düz edib-etmədiklərini bilmirəm. Amma, bu şəkildə artım məntiqli ola bilməz. Ərzaq məhsulları çox bahalaşıb, belə getsə, müavinətlər 100 faiz də qalxsa, yenə də zənbillər dolmayacaq. Mən Prezident İlham Əliyevin pensiya, əməkhaqqı, müavinətlərin gələn ildən artırılması ilə bağlı sərəncamını yüksək qiymətləndirirəm. Bu həssas qruplara qarşı gözəl sərəncam oldu və insanlar bunu alqışlayır”.

Deputat parlamentin bu problemlərlə bağlı addımlar atmalı olduğunu vurğulayıb:

“Birincisi, elektrik enerjisi və təbii qaz sərfiyyatını azaltmaq üçün bütün ölkə boyu mərkəzi istilik sistemi bərpa edilməlidir. Görək “Azəristiliktəchizat” bunun öhdəsindən gəlirmi? Xeyr. Yeni binalar niyə ancaq kombi ilə qızdırılsın? Dövlət qazanxana tikib, iş adamına istiliyi satsın, xaos da aradan qaldırılsın. Fərdi evlər də xaotik və biabırçı vəziyyətdə tikilib. Onlar üçün də mərkəzi qazanxanaların qurulmasını təklif edirəm ki, sərfiyyatı optimallaşdıraq, həm də enerji daşıyıcılarının qiymətinin artması onların büdcəsinə az təsir etsin. İkincisi, “Azəristiliktəchizat”ı dəvət edək və sual verək ki, bu onillikdə nə iş görüb? Üçüncüsü, təklif edirəm ki, parlamentdə “Hökumət saatı” müəyyənləşdirək və hər həftə bir nazirlik, komitə burada bizim suallarımızı cavablandırsın. Mən əminəm ki, bu məsələlərdə parlamentin rolunun artırılmasına zərurət yaranıb. Deputatın işi yalnız hazır gələn qanunları müzakirə edib, dəyişiklik etmədən qəbul etmək deyil. Biz hər həftə həm komitələr, həm də plenum iclası səviyyəsində hökumətlə təmasda olmalıyıq. Hökumət üzvləri müntəzəm olaraq parlamentə hesabat verməlidir, hesabatı isə az qala biz veririk”.