Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılırbackend

Azərbaycanda sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sekyuritizasiya fəaliyyəti üzrə hüquqi çərçivə yaradılır.

İnterpress.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Qiymətli kağızlar bazarı haqqında” qanuna təklif edilən dəyişiklikə əksini tapıb.

Layihəyə əsasən, sekyuritizasiyanın predmeti qismində kredit, maliyyə icarəsi və ya faktorinq müqavilələri, həmçinin fond birjasında listinqdə olmayan korporativ istiqrazlar üzrə yaranan pul tələbləri çıxış edir. Mərkəzi Bank sekyuritizasiyanın predmeti qismində çıxış edə bilən digər pul tələblərini müəyyən etmək hüququna malikdir. Normativ hüquqi aktlarla müəyyən edilən hallarda sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlər, investisiya qiymətli kağızları (fond birjasında listinqdə olmayan korporativ istiqrazlar istisna olmaqla), iflas prosesində olan şəxslərə verilmiş borclar, dövri ödənişlər nəzərdə tutulmayan debitor borclar, həmçinin üçüncü şəxslər qarşısında yüklü olan aktivlər sekyuritizasiyanın predmeti ola bilməz. Sekyuritizasiyanın predmeti olan aktivlər reyestrə daxil edildiyi andan sekyuritizasiya istiqrazı mülkiyyətçilərinin xeyrinə qanun üzrə girov qoyulmuş hesab olunur. Sekyuritizasiya istiqrazı sekyuritizasiya şirkəti tərəfindən buraxılan və istiqraz üzrə ödənişləri sekyuritizasiya planına uyğun olaraq aktivlərdən daxil olan pul vəsaitlərinin hesabına ödənilən istiqrazdır.

Qeyd edilib ki, qanun layihəsi Azərbaycan Respublikasında sekyuritizasiya fəaliyyətinin əsaslarını, sekyuritizasiya şirkətinə və xidmət agentinə dair tələbləri, aktivlərin sekyuritizasiya şirkətinə satılması, sekyuritizasiya planının tərtibi və təsdiqi, sekyuritizasiya olunmuş istiqrazların emissiyası, sekyuritizasiya fəaliyyəti üzrə risklərin idarə edilməsi və şəffaflıq üzrə tələbləri müəyyən edir.

Sekyuritizasiya kreditorlara aktivlər üzrə daxil olacaq pul vəsaitlərini vaxtından əvvəl əldə etməyə imkan verən bir alətdir. Keditor sahib olduğu aktivlərdən daxil olacaq pul vəsaitlərinin dərhal əldə edilməsi məqsədilə həmin aktivləri daha aşağı qiymətlə sekyuritizasiya şirkətinə satır. Sekyuritizasiya şirkəti isə öz növbəsində satın aldığı aktivlər əsasında sekyuritizasiya olunmuş istiqrazlar buraxır və həmin istiqrazlar üzrə ödənişlər aktivlərdən daxil olan pul vəsaitləri hesabına həyata keçirilir.

Qanun layihəsində sekyuritizasiya prosesinin hər bir iştirakçısına, o cümlədən aktivlərin satıcısına (ilkin kreditor), sekyuritizasiya olunmuş istiqrazları emissiya edən sekyuritizasiya şirkətinə dair tələblər, onların səlahiyyətləri və funksiyalarına dair müddəalar və sekyuritizasiya prosesinin tətbiqi ilə bağlı mexanizmlər tənzimlənib.

Hər bir sekyuritizasiya prosesinin Mərkəzi Bank tərəfindən təsdiq edilmiş sekyuritizasiya planı ilə müşayiət olunması nəzərdə tutulur. Aktivlərin satışı aktivlərin satıcısı ilə sekyuritizasiya şirkəti arasında bağlanan alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Sekyuritizasiya planında sekyuritizasiya prosesinin iştirakçıları və sekyuritizasiyanın predmeti olan aktivlər barədə məlumat, mövcud risklər və onların azaldılması üsulları, həmçinin aktivlərin qanunvericiliyin tələblərinə uyğunluğunu əks etdirən kənar auditor rəyi əks etdirilməlidir. Sekyuritizasiya planı Mərkəzi Bank tərəfindən təsdiq edildikdən 60 (altmış) iş günü ərzində sekyuritizasiya şirkəti istiqrazların buraxılışının dövlət qeydiyyatına alınması üçün Mərkəzi Banka müraciət etməlidir.

Layihədə sekyuritizasiya prosesi üzrə yarana biləcək risklərin azaldılması məqsədilə bir sıra üsullar müəyyən edilib. Belə ki, sekyuritizasiya şirkətinə satılan aktivlərin kredit riski, həmin aktivlərin satıcısının balansında qalan eyni növlü aktivlərin kredit riskindən artıq olmamalıdır, eyni zamanda aktivlərin satıcısı sekyuritizasiya şirkətinə satdığı aktivlər əsasında emissiya olunan istiqrazların azı 5%-ni özü əldə etməli və bu istiqrazları tədavül müddətinin sonuna qədər saxlamalıdır. Bundan əlavə, layihədə aktivlər üzrə pul tələblərinin öhdəliklərin icrasının təminat üsulları ilə təmin olunması, eləcə də istiqrazların fərqli kredit risklərinə malik bir neçə buraxılışla emissiyası kimi mexanizmlər də nəzərdə tutulub.