“Reuters”: Tayvan rəsmisi İsrailə gizli səfər edibbackend

“Reuters”: Tayvan rəsmisi İsrailə gizli səfər edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan XİN rəhbərinin müavini İsrailə gizli səfər edib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi mənbələrə istinadən məlumat yayıb. Tərəflər arasında hərbi əməkdaşlıq və “Dəmir Qübbə” analoqunun yaradılması müzakirə olunur.

Məlumata əsasən, Tayvanın xarici işlər nazirinin müavini Fransua Vu bu ay İsrailə məxfi səfər edib.

Mənbələr Vunun kimlərlə görüşdüyü və danışıqlarda nələrin müzakirə olunduğu barədə detalları açıqlamayıb, lakin səfərin Taybeylə Təl-Əviv arasında müdafiə sahəsində mümkün əməkdaşlıq barədə yayılan xəbərlər fonunda baş tutduğu qeyd olunur.

Həm Tayvan, həm də İsrail tərəfi bu səfərlə bağlı rəsmi şərh verməkdən imtina edib.

Tayvan Xarici İşlər Nazirliyindən bildirilib ki, tərəflər azadlıq və demokratiya dəyərlərini bölüşür, ticarət, texnologiya və mədəniyyət kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirəcəklər.

Xatırladaq ki, daha əvvəl İsrail mediası Fransa xüsusi xidmət orqanlarına yaxın olan “Intelligence Online” nəşrinə istinadən Tayvan müdafiə nazirinin müavininin də İsrailə gizli səfər etdiyi barədə məlumat yaymışdı.

Bildirilirdi ki, tərəflər hərbi texnologiyaların ötürülməsini, xüsusilə Tayvanın İsrailin məşhur “Dəmir Qübbə” (“Iron Dome”) sisteminin analoqu olan “T-Dome” sistemini hazırlaması məsələsini müzakirə ediblər.

Bu əməkdaşlıq səyləri Tayvan və Çin arasında artan gərginlik fonunda diqqət çəkir.

Xuraman Etibarlı

İnterpress.az