Ukrayna ordusunun Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Sergey Naev deyib ki, “Vaqner” xüsusi hərbi təşkilatının Belarus ərazisindən Kiyevə hücum etmək ehtimalı var. Onun sözlərinə görə, belə bir ehtimal istisna deyil: “Biz başa düşürük ki, düşmənin niyyəti yalnız Rusiyanın ali siyasi rəhbərliyinin qərarlarından asılıdır. Ona görə də belə bir ehtimal var”.
S.Naev bildirib ki, vəziyyət nəzarət altındadır: “Ukrayna kəşfiyyatı vəziyyəti daim izləyir. Konkret olaraq hazırkı situasiyada təhlükə yoxdur”.
General qeyd edib ki, ehtimal edilən təhlükə ilə bağlı müvafiq tədbirlər görülür.
Məlum olduğu kimi, “Vaqner” iyunun 24-də Rusiyada silahlı qiyama cəhd göstərib. Qiyam uğursuz olub. Bundan sonra “Vaqner”çilər Rusiyanı tərk edib və müvəqqəti olaraq Belarusda yerləşib. Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” döyüşçülərinin bu ölkədə olduğunu təsdiqləyib.
Bundan əvvəl Belarus Müdafiə Nazirliyi Polşa və Litva sərhədində hərbi təlimlərin başlanması barədə məlumat yaymışdı. Polşa və Litva rəsmiləri “Vaqner”in sərhəddə təxribat törədə biləcəyi barədə xəbərdarlıq ediblər.
Əvvəl də dediyimiz kimi, “Vaqner”lə bağlı hələ də xeyli müəmma var. Bəzi suallar cavabsız olaraq qalmaqda davam edir.
“Vaqner”in ata biləcəyi addımlardan biri də məhz S. Naevin iddia etdiyi ssenaridir. Nəzərə almaq lazımdır ki, son zamanlar Belarusda hərbi təlimlər keçirilir. “Vaqner”çilər də təlimdə iştirak edirlər.
Ümumiyyətlə, bir çox ekspertin fikrincə, “Vaqner”çilərin Rusiya ərazisində cəhd etdikləri silahlı qiyam və ondan sonra baş verənlər sadəcə Kremlin oyunu idi. Belə düşünənlər Rusiyanın öz gizli və böyük planını həyata keçirdiyini iddia edirlər.
“Vaqner”in gələcəkdə Rusiya ərazisindən Ukraynaya ikinci cəbhə açması mümkündür. Ola bilsin, doğrudan da, buna hazıqlıq gedir. Əgər belə bir şey olarsa, artıq rəsmi Minsk də birbaşa müharibəyə qoşulmuş olacaq.
Əlbəttə, bu ehtimal gerçəkləşərsə, Ukraynanın işi daha da çətin olacaq. Həmçinin rəsmi Kiyevin əks- hücum əməliyyatındakı durğunluq daha da artacaq.
Sözsüz ki, yuxarıdakılar sadəcə ehtimaldır. “Vaqner” in hansı addımı atacağını, necə davranacağını proqnozlaşdırmaq çətindir. Çünki xüsusi hərbi təşkilatın hansı qüvvəyə xidmət etdiyi hələ də məlum deyil.
Buna baxmayaraq, əminliklə deyə bilərik ki, “Vaqner” proseslərə təsir edə biləcək ciddi qüvvə kimi öz statusunu qorumaqdadır.
Kənan Novruzov
İnterpress.az