Rusiyada 600 milyon rublluq kokain ələ keçirilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Federal Gömrük Xidməti məlumat yayıb. Dəniz konteynerində gizlədilən 40 briket narkotiki xidməti itlər tapıb, cinayətkarları ömürlük həbs gözləyir.
Məlumata görə, rusiyalı gömrükçülər Latın Amerikasından gətirilən irihəcmli kokain partiyasını müsadirə ediblər.
Narkotik vasitə yük gəmisi ilə çatdırılan dəniz konteynerinin boşluqlarında gizlədilibmiş.
Rusiya Federal Gömrük Xidməti (FTS) və Baltik gömrüyünün əməkdaşları tərəfindən həyata keçirilən yoxlama zamanı konteyner skan edilib və xidməti itlərin köməyi ilə yoxlanılıb.
Konteynerin üzlük hissəsinin (obşivkanın) içərisində ağ toz və kristallardan ibarət 40 briket aşkar edilib. Bu partiyanın “qara bazar” qiyməti 600 milyon rubl (təxminən 12,7 milyon manat) dəyərində qiymətləndirilir.
Faktla bağlı xüsusilə külli miqdarda narkotik qaçaqmalçılığı maddəsi ilə cinayət işi açılıb. Bu maddə üzrə maksimum cəza ömürlük həbsdir.
Xuraman Etibarlı
İnterpress.az






