Tayvan Trampla münasibətləri yaxşılaşdırmaq üçün böyük miqdarda Amerika silahı almaq niyyətindədir.
İnterpress.az xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən yazıb.
Tayvan yeni Tramp administrasiyasına Çinə qarşı müdafiəsini gücləndirməkdə ciddi olduğunu göstərmək üçün Amerika silahlarının böyük partiyasını almağa hazırdır.
Tayvan rəsmilərinin “hansı silah paketinin Tayvanın öz müdafiəsinə investisiya qoymaq əzmini nümayiş etdirəcəyini” müəyyən etmək üçün Trampın komandası ilə qeyri-rəsmi danışıqlar apardığı bildirilir.
Tələb olunan hərbi texnika siyahısına 60 F-35 döyüş təyyarəsi, 4 E-2D Hawkeye təyyarəsi, Aegis hava hücumundan müdafiə sistemi ilə təchiz edilmiş istismardan çıxarılan 10 gəmi və Patriot hava hücumundan müdafiə sistemləri üçün 400 raket daxildir.
Silahların alınması üçün ümumi məbləğin 15 milyard dollar olacağı qeyd edilir.
Xuraman Etibarlı
İnterpress.az