Tibb işçilərinə güzəştli ipoteka kreditləri verilsin – DEPUTATbackend

Tibb işçilərinə güzəştli ipoteka kreditləri verilsin – DEPUTAT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ən azı 3 il səhiyyə müəssisələrində tibb işçisi kimi çalışan şəxslərə güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilsin”.

Bu təklifi Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov səsləndirib.

Həkimlərin pandemiya ilə mübarizədə ən çox zəhməti olan vətəndaşlarımızdan olduğunu diqqətə çatdıran ekspert əlavə edib ki, Azərbaycan Prezidentinin göstərişinə əsasən, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq əlavələr edilir.

Ötən il koronavirus pandemiyası ilə mübarizədə iştirak edənlərə 169.4 milyon manat müddətli əlavə və mükafat ödənildiyini deyən deputat qeyd edib ki, tibb işçilərinə iş vaxtına/saatına mütənasib olaraq 145.8 milyon manat, qeyri-tibb işçilərinə isə 23 milyon manat müddətli əlavə ödənilib.

Onun sözlərinə görə, yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərinə cəlb edilən özəl tibb müəssisələrində çalışan tibb işçilərinə isə bü müddətdə 385 min manat məbləğində müddətli əlavə ödənilib:

“Könüllülərə isə 138.500 manat məbləğində mükafat ödənilib. Bunlarla yanaşı, pandemiyanın davam etdiyini və bütövlükdə səhiyyə işçilərinin sosial təminatının daha da yaxşılaşdırılması üçün həkim və bütövlükdə tibb işçilərinə güzəştli ipoteka kreditlərinə müraciət hüququnun verilməsi məqsədəuyğun olardı. Belə ki, mövcud qaydalara əsasən, ən azı 3 il dövlət ümumtəhsil müəssisəsində müəllim işləyən şəxslər belə hüquqdan faydalana bilsələr də həkimlər üçün bu imkan nəzərdə tutulmayıb”.

Ekspert düşünür ki, əksər post-sovet ölkələrində də həkimlərin sosial proqramlarda iştirak hüququnun yaradıldığını nəzərə alsaq, Azərbaycanda da oxşar imkanın təklif olması məqsədəuyğundur:

“Digər tərəfdən, bu ildən Azərbaycanda icbari tibbi sığortanın tətbiqini də nəzərə alsaq həkimlərin və bütövlükdə tibb işçilərinin əmək haqqlarında artımların olacağı gözlənilir. Bu isə onlara güzəştli ipoteka kreditlərinə müraciət hüququ verilərsə aşağı faizli və uzun müddətli kredit ilə mənzil problemlərini həll etmək imkanı yaradacaq”.

 

 

İnterpress.az