Türkiyədəki tarixi əhəmiyyətli Prezident və 28-ci çağırış Parlament seçkiləri davam edir.
Bu barədə İnterpress.az-ın baş redaktoru, “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili məlumat verib.
Səsverməni müstəqil müşahidə edən T.Allahverdili xatırladıb ki, səsvermə yerli vaxtla səhər saat 08:00-da başlayıb: “Biz də prosesi Prezident Rəcəb Tayyib Ərdoğanın səs verdiyi seçki məntəqəsində yaxından izləyirik. Ümid edirik ki, hər şey yaxşı olacaq. Hələ ki, səsvermə proseslərinin gedişində müşahidələr apardığımız məntəqələrdə hansısa qanun pozuntusu, yaxud təhlükəsizlik problemləri ilə rastlaşılmayıb. Onu da qeyd edim ki, qardaş ölkədə keçirilən bu tarixi seçkini, Azərbaycan mediası və ölkəmizi təmsil edən müstəqil müşahidəçilər də yaxından izləyir”.
Qeyd edək ki, bu gün yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.
Bu seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.
Prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.
Səsvermə yerli vaxtla saat 17:00-də başa çatacaq.
Mərkəzi Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.