Ukraynada atəşkəsdən sonra Rusiya Litvaya və ya Polşaya hücum edə bilər.
İnterpress.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur BILD-ə müsahibəsində Qərb kəşfiyyat orqanlarının qiymətləndirmələrinə istinadən bildirib.
Ukraynadakı müharibə Moskvanın şərtləri ilə başa çatarsa, Kreml NATO sərhədlərinə – ilk növbədə Finlandiya, Norveç, Polşa və Baltikyanı ölkələrə qoşun yeridə bilər.
Onun sözlərinə görə, atəşkəs olacağı təqdirdə Rusiya 800 minlik qoşunu dağıtmayacaq, onlardan yeni hücumda istifadə edəcək.
BILD mənbələri bildirir ki, Moskva artıq qoşunların köçürülməsi üçün infrastrukturu hazırlayıb və ordunun Belarusa yeridilməsi və Aİ sərhədlərinə yaxınlaşması üçün genişmiqyaslı “Zapad-2025” təlimlərindən istifadə edə bilər.
Nəşr xatırladır ki, Rusiya 2021-ci ildə analoji qaydada Ukrayna sərhədləri yaxınlığında qoşun yerləşdirib. İndi Litva və ya Polşa Kremlin mümkün hədəfinə çevrilə bilər.
“Müharibə davam edərsə, təlimlər təlim olaraq qalacaq. Lakin Rusiyanın şərtləri ilə atəşkəs əldə olunarsa, onlar yeni müharibənin başlanğıcı ola bilər – bu dəfə bizə qarşı”, – BILD mənbəsi bildirib.
Xuraman Etibarlı
İnterpress.az