ABŞ-nin Müharibə Araşdırmaları İnstitutundan bildirilib ki, Qərbin təmin etdiyi heç bir sistem Ukraynanın qələbəsini təmin etməyəcək. Qeyd olunub ki, heç bir sistem Ukraynaya həlledici üstünlük qazandırmayacaq: “Adları açıqlanmayan dörd ABŞ rəsmisi daha əvvəl ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya az sayda uzaqmənzilli raketlər verəcəyini deyib. Onların sözlərinə görə, Bayden bu barədə Ukrayna lideri Volodimir Zelenskiyə şəxsən məlumat verib”.
Bildirilib ki, buna baxmayaraq, Ukrayna işğal altındakı Krım yarımadasında Rusiya qüvvələrini və hərbi – texniki bazalarını hədəf almağa davam edir: “Qərbin uzaqmənzilli raket tədarükü Ukraynaya Rusiyanın arxa tərəfinə növbəti zərbələr endirməyə imkan verəcək”.
Hesabatda, həmçinin yazılıb ki, Ukraynanın Qərbdən silah tələbi əks-hücum əməliyyatlarını davam etdirmək üçün haqlı tələbdir.
Əvvəl də dediyimiz kimi, Ukraynadakı müharibənin yaxın vaxtda başa çatacağı gözlənilmir. Əksinə, proseslər onmu göstərir ki, döyüşlər hələ uzun müddət davam edəcək. Buna baxmayaraq, həm Rusiyanın, həm də Ukraynanın imkanları getdikcə tükənir. Tərəflərin bundan sonra ciddi qələbə qazanmaq imkanı yoxdur. Savaş “dalana dirənib”.
Şərqi Avropadakı müharibənin taleyi artıq birbaşa iştirakçılardan, yəni Moskva və Kiyevdən daha çox Vaşinqtondan asılıdır. Belə ki, Ağ Ev Ukraynaya göstərdiyi hərbi yardımın dərəcəsi ilə müharibənin nəticəsinə birbaşa təsir göstərmək imkanına malikdir. Hazırda ABŞ-ın hərbi yardımları, demək olar, Ukraynanın müqavimətinə və müharibənin uzanmasına hesablanıb.
Ola bilsin, artıq həm Rusiya, həm də Ukrayna hakimiyyəti sülh istəyir. Çünki dediyimiz kimi, hər iki tərəf yorulub. İki dövlət lideri, bəlkə də, dil tapa bilərlər. Amma ABŞ buna imkan vermir. Vaşinqton Kiyevi silahlandırmaqla müharibənin uzanmasına şərait yaradır. Hərçənd hərbi yardımın dayandırılması Ukraynanın məhvi deməkdir. Və əgər rəsmi Kiyev savaş uzatmaqdan imtina etsə, Vaşinqton hərbi dəstəyi dayandırmaqla “müttəfiqini” hədələyəcək. Ona görə də deyirik ki, ABŞ həm Ukraynanı, həm də Rusiyanı çıxılmaz vəziyyətə salıb.
Əslində artıq həm Moskva, həm də Kiyev məğlubdur. Vaşinqton isə məqsədinə çatdı. Daha Ukraynaya da, Rusiyaya da “Pir qələbəsi” lazımdır.
Kənan Novruzov
İnterpress.az