Xameneyinin Azərbaycandakı nümayəndəsi: Ocaqnejad kimdir? – Şok iddiabackend

Xameneyinin Azərbaycandakı nümayəndəsi: Ocaqnejad kimdir? – Şok iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ocaqnejad onilliklərdir Azərbaycan Respublikasında İran tipli dövlətin qurulması, iranyönümlü sosial bazanın yaradılması və ölkədəki ictimai-siyasi proseslərə təsir olunması yönündə fəal iş aparır”.

İnterPress.az xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.

Jurnalist İranın dini liderinin nümayəndəsinin Azərbaycandakı “fəaliyyət”inə diqqət çəkib:

“Azərbaycan-İran münasibətlərində hər dəfə gərginlik yaşananda mediada, ictimaiyyət arasında bir ad da gündəmə gəlir: höccətülislam vəlmüslimin Seyid Əliəkbər Ocaqnejad. Bu da təsadüfi deyil, çünki bu adam İranın Azərbaycanda fəaliyyət göstərən ən “uzunömürlü” nümayəndəsidir. Ocaqnejad nə az, nə çox – düz 30 ildir Bakıdadır. Bunun özü çox müəmmalıdır və dolayısı ilə onun “xüsusi missiya”sından xəbər verir. Bu illər ərzində İranın Azərbaycanda neçə səfiri dəyişib, Ocaqnejad isə “dəyişməz”dir. Çünki onun İran hakimiyyəti tərəfindən müəyyənləşdirilmiş vəzifəsi adi diplomatik fəaliyyətdən islam rejimi üçün daha önəmlidir, baxmayaraq ki, pərdələnmək naminə onun özü də diplomat statusu daşıyır.

Ocaqnejad onilliklərdir Azərbaycan Respublikasında İran tipli dövlətin qurulması, iranyönümlü sosial bazanın yaradılması və ölkədəki ictimai-siyasi proseslərə təsir olunması yönündə fəal iş aparır. Bu iş açıq çıxışlar və dini təbliğatla yanaşı, geniş məxfi fəaliyyəti də ehtiva edir.

Yəni Azərbaycanda İranın “5-ci kolon”unun formalaşdırılması işinə bilavasitə Ocaqnejad rəhbərlik edir. Bu mənada Azərbaycanda fəaliyyət göstərən İran casus şəbəkəsi onun təlimatları və tövsiyələri ilə fəaliyyət göstərir, Ocaqnejad bir növ islam rejiminin açıq və gizli təmsilçilərinin işinin koordinasiyasını həyata keçirir”.

Elçin Alıoğlu qeyd edib ki, onun dini və diplomatik statusa qətiyyən uyğun gəlməyən bu fəaliyyəti barədə zaman-zaman Azərbaycan mətbuatında yazılar və müsahibələr dərc olunub, İran casuslarının ifşası ilə bağlı işlərdə vaxtaşırı onun adı hallanıb:

“Hətta illər öncə Amerikadakı İran müxalif qruplarına bağlı internet saytları Ocaqnejadın Azərbaycanda İslam inqilabını yaymaq missiyasına başçılıq etdiyini və İranın xüsusi xidmət və ETTELAAT orqanları üçün agentlərin “verbovka”sı, yəni cəlb edilməsi ilə məşğul olduğunu yazmışdılar.

2011-ci ildə Azərbaycan тəhlükəsizlik orqanlarının məsuliyyətə cəlb etdiyi “Cəfəri” adlı radikal dini qrup üzvlərinin İran İslam Respublikasının Azərbaycanda fəaliyyət göstərən dini nümayəndəliyi tərəfindən maliyyələşdirildiyi və İran Mədəniyyət Mərkəzinin əməkdaşları ilə sıx əlaqədə olduğu açıqlanmışdı. Hər iki qurum Ocaqnejadın rəhbərliyi altında fəaliyyət göstərirdi.

Ocaqnejad Azərbaycanda İran Mədəniyyət Mərkəzinin faktiki olaraq yaradıcısı və ilk sədri olub. 1996-cı ildə isə аyətullah Əhməd Sabiri Həmədanidən sonra o, İranın ali rəhbəri аyətullah Xameneyinin Azərbaycandakı nümayəndəsi təyin edilib. Onun bu statusu daim Azərbaycan cəmiyyətində suallar doğurub.

Axı niyə Azərbaycanda Xameneyinin rəsmi təmsilçisi olmalıdır? Azərbaycan müstəqil dövlətdir, ölkə Konstitusiyasına görə, din dövlətdən ayrıdır. Bununla belə ölkədə vicdan azadlığına riayət olunur, din-dövlət münasibətləri müvafiq qurumlar, o cümlədən Qafqaz Müsəlmanları İdarəsi tərəfindən tənzimlənir. İranla ikitərəfli diplomatik əlaqələr isə Bakıda və Tehranda fəaliyyət göstərən səfirliklər vasitəsilə həyata keçirilir.

Belə olan surətdə dini nümayəndəliyə nə ehtiyac? Üstəlik, həmin nümayəndəliyin rəhbəri dini işlərin hüdudlarını aşan siyasi və ideoloji fəaliyyətlə məşğuldursa!

Azərbaycanın təhlükəsizlik və hüquq mühafizə (intizami) orqanları “Ocaqnejad ağa”nın ölkədəki fəaliyyətindən yaxşı xəbərdardırlar. Lakin İranın dövlət quruluşunun xüsusiyyətini nəzərə alaraq, ikitərəfli əlaqələrə xələl gətirməmək naminə ona qarşı sərt tədbir görmək indiyədək məqsədəuyğun sayılmayıb. Bununla belə son vaxtlar Azərbaycan-İran münasibətlərində baş verənlər, o cümlədən, аyətullah Xameneyinin çıqlamaları nəzərə alınaraq, onun nümayəndəsi Ocaqnejad arzuolunmaz şəxs kimi Azərbaycandan çıxarılmalı və ölkənin dini həyatına İranın müdaxiləsinə son qoyulmalıdır”.