Yenə bu şəhərdə susuzluq başladı – Millət vəkilindən çağırışbackend

Yenə bu şəhərdə susuzluq başladı – Millət vəkilindən çağırış

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Havalar istiləşdikcə Neftçala camaatının rahatlığını əlindən alan, onların zəhmətini heçə çıxaran, yaşayışlarını pozan qayğılar da çoxalır. Artıq yarım aya yaxındır ki, hər gün rayondan həyəcanlı zənglər gəlir. Kürün suyunun azalması ilə keçən il olduğu kimi, bu il də Xəzərin suyu çay yatağını doldurub, insanlar yenə su maşınlarının ümidinə qalıb, heyvan-qara qırılır və duzlu dəniz suyu çay yuxarı qalxaraq Salyan ərazisinə yaxınlaşmaqdadır.

Bu sözləri xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı qeyd edib.

O, bunun gözlənilməz xəbər olmadığını bildirib:

“Ağlı olan hər kəs keçənilki faciəli durumun bu il də təkrarlanacağını bilirdi. Çünki təbiətin bizi üzləşdirdiyi bu çətinliyin qarşısını almaq üçün lazım olan işlər görülməyib, vədlər yerinə yetirilməyib, çayın, dənizin dilini bilən yerli insanların təklifləri nəzərə alınmayıb. Mən həmin təklifləri bir daha təkrarlamaq istəmirəm.

Dövlət ötən yay rayon camaatını susuzluqdan xilas etmək üçün qısa müddətdə mümkün olan bütün vasitələrə əl atdı, bütün qonşu rayonların su maşınları Neftçalaya yönəldildi, cəmi bir neçə ay ərzində Neftçala şəhərinə su kəməri çəkildi və hər kəs arxayınlaşdı. Lakin bu rayon təkcə Neftçala şəhərindən ibarət deyil”.

S.Rüstəmxanlı şəhərin də su şəbəkəsinin yarıtmaz vəziyyətdə, təzələnməli və tamamlanmalı olduğunu vurğulayıb:

“Neftçalalılar çörəyini daşdan, dənizdən, sudan çıxarmağa vərdiş etmiş, hər çətinliyə əyilməyən, dövlətə, dövlətçiliyə bağlı, qanuna hörmət edən camaatdır. Köhnə müəssisələrin dağılmasına, işsizliyə dözür, ancaq susuzluğa dözmək mümkün deyil.

Mən bir daha Nazirlər Kabinetinə, əlaqədar dövlət qurumlarına müraciət edirəm. Yağış yağacağına, Kürün yenidən aşıb-daşacağına ümid bəsləməsinlər. Dünyada təbii su ehtiyatları bizdən qat-qat az olan ölkələr, dövlətlər var. Su məsələsini necə həll edirlər? Öyrənmək çətin deyil.

Bir yayı, iki yayı birtəhər yola verməklə iş bitməz. Aran rayonlarımızın su problemini əsaslı şəkildə həll etmək lazımdır”.