Bakıda tikinti işləri aparılan binanın qarşısından keçən insanlar həyati təhlükə ilə üzləşiblər.
İnterpress.az-ın hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, metronun Sahil stansiyasının yaxınlığındakı hündürmərtəbəli binada aparılan təmir-tikinti işləri binanın yaxınlığından keçən insanların həyatı üçün təhlükə mənbəyinə çevrilib.
Belə ki, Səbail rayonu, Üzeyir Hacıbəyov küçəsi 34A ünvanında yerləşən binanın fasadında heç bir təhlükəsizlik qaydalarına riayət olunmadan təmir işləri aparılır. Nəticədə binanın təmir işləri gedən mərtəbələrindən yaxınlıqdan keçən insanların üzərinə daş parçaları düşüb.
Xoşbəxtlikdən heç bir xəsarət faktı qeydə alınmasa da, insanlar təhlükə ilə üzləşib.
Şahidlərin sözlərinə görə, tikinti-təmir işləri Bakı Metropolitenin sabiq rəisi, YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədova məxsus mənzillərdə aparılır. Qeyd olunur ki, təmir işləri getməsinə baxmayaraq, işçilərin də təhlükəsizlik qaydalarına riayət olunmur. Eyni zamanda, binanın aşağısında yüksəklikdən düşən təhlükə mənbələrinin qarşısının alınması üçün də heç bir profilaktik tədbirlər həyata keçirilməyib.
İnterpress.az