Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda könüllü təhvil verilməsi məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini Nüsrət İbrahimov “Makarov” markalı tapançanı, 97 ədəd müxtəlif çaplı patronu və 2 ədəd patron darağını könüllü olaraq Nərimanov rayon Polis idarəsinə təhvil verib.
Sabunçu rayon Polis idarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbə sakini Hatəm Cəlilovun yaşadığı bağ evinin həyətindən torpağa basdırılmış lüləsi və qundağı kəsilmiş “İJ-12” markalı ov tüfəngi və 2 ədəd patron aşkar edilərək götürülüb.
Lənkəran şəhər Polis şöbəsinin əməkdaşları tərəfindən şəhər sakini Cavid Süleymanovun evindən “TOZ-8” markalı ov tüfəngi, həmçinin metamfetamin preparatı aşkar edilərək götürülüb.
İnterpress.az