Millət vəkillərinin bəzilərinin seçildiyi rayonlara getməməsi, rayon, kəndin və sakinlərinin problemləri ilə maraqlanmadığını eşitmişdim. Rayondakı hadisələrdən də xəbərsiz olduqlarını bilirdim, amma bu son hadisə məni utandırdı. Bir vətəndaş olaraq rayonundan xəbərsiz olan millət vəkillərinin yerinə mən utandım.
Mayın 29-da Milli Məclisin yaz sessiyasının son plenar iclasında Sabir Rüstəmxanlı Respublika gününün qeyd olunduğunu, ancaq Cümhuriyyət qurucularına aşağılayıcı münasibətin olduğunu diqqətə çatdırıb: “Dünən Respublika günü qeyd edildi. Neçə vaxtdı deyilir, respublikanın qurucularından biri Məhəmməd Əmin Rəsulzadədir və onun Gəncədə bir büstü var, onun başına çuval keçirilib. Bu, ABŞ-ın türk əsgərinin başına çuval keçirməsi deməkdir. Əgər Gəncə İcra Hakimiyyəti Rəsulzadəni düşmən elan edibsə, desin. Əgər Məhəmməd Əmin Rəsulzadə düşmən elan edilibsə, deyilsin, biz də bilək. Əslində Rəsulzadənin orda böyük heykəli olmalıydı. Yoxdur, bir köhnə büst var, onun da başına illərdir çuval keçiriblər. İcra başçısı zəhmət çəkib öz əlləri ilə onun başındakı çuvalı çıxartsın”.
Gəncənin deputatı Musa Quliyev isə həmkarının, Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi və onun təhqir edilməsi ilə bağlı səsləndirdiyi fikirlərə etiraz edib. O bildirib ki, Sabir Rüstəmxanlının burada M.Ə. Rəsulzadənin abidəsi ilə bağlı səsləndirdiyi fikrin heç bir əsası yoxdur: “Ümumiyyətlə, Gəncədə Rəsulzadənin abidəsinin başına çuval keçirilməsi yalan informasiyadır və bu həqiqəti əks etdirmir. Adıçəkilən parkda uzun müddətdir təmir işləri gedir və o abidə də keyfiyyətsizdir. Ona görə də abidənin təmir işləri ilə bağlı üstü örtülüb. Digər tərəfdən də o bağın Gəncə İcra Hakimiyyətinə heç bir aidiyyəti yoxdur. O bağ Nəqliyyat Nazirliyinin balansındadır və baxımsız vəziyyətdədir. Əgər Sabir Rüstəmxanlının Məhəmməd Əminə ürəyi yanırsa, Nəqliyyat naziri də onun qudasıdır, gedib ondan xahiş etsin, əl-ələ verib o parkı təmir etsinlər. Gəncə İcra Hakimiyyətinin balansında ”İstiqlal\” parkı var və gözəl təmir olunub. İnsanlar orada çox gözəl istirahət edir\”. Musa Quliyev əlavə edib ki, bu gün özlərini yarımmüxalifət və müxalifət adlandıran qüvvələrin öz kölgəsi olmadığından kiminsə kölgəsinə sığınıblar və başlayırlar ağızlarına nə gəldi populist fikirlər səsləndirməyə: “Onların bu hərəkəti stəkanda fırtınaya bənzəyir. Buna ehtiyac yoxdur. Sabir Rüstəmxanlı ən azından Gəncədən olan deputat həmkarlarından vəziyyəti soruşaydı, dəqiqləşmiş fikir söyləyərdi. Belə yarımçıq fikirlərin yeri yoxdur”.
Musa Quliyevin bu sözlərindən sonra parlamentin spikeri Oqtay Əsədov fikir bildirərkən Musa müəllimə məsləhət görüb ki, bəzi fikirlərində ehtiyatlı olsun: “Sən özün də hərdən səhvə yol verirsən. Kim kimin nəyidir, bunun nə aidiyyəti var?” Musa Quliyev isə yerindən “daş atmasınlar, kəsək atmayaq” reaksiyasını verib.
Qeyd edim ki, Musa müəllim “kəsək” atarkən Sabir Rüstəmxanlı zalda olmayıb. Bu da arxadan atılan “kəsək” sonradan öz başında çartlayıb. Çünki, Musa müəllim Sabir bəyi bu məsələdə bilgisizlikdə ittiham edib, amma məlum olub ki, Musa müəllimin özünün millət vəkili olduğu bölgədən xəbəri yoxdu. Çünki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Musa müəllimin iddiasıyla bağlı Gəncədə, Məmməd Əmin Rəsulzadənin abidəsinin yerləşdiyi parkla bağlı rəsmi açıqlama yayıb. Sən demə 28 noyabr 2014-ci ildən park İcra hakimiyyətinin balansına keçib.
Musa müəllim, millətin vəkilliyini etmək kimi gözəl və şərəfli bir vəzifəniz var ikən, İcra Hakimiyyətini müdafiə etdiyiniz zaman bir çox suallar yaranır.
Deyək ki, Sabir Rüstəmxanlı, M.Ə Rəsulzadənin büstü ilə bağlı düşüncələrini deyib. Bu fikir hamı eşitsin deyə deyilib. İstər millət vəkilləri istərsə İcra Hakimiyyəti, istərsə də Ziya Məmmədov, fərqi yoxdur, hamı üçün səslənib. Ortada bir məsələ varsa Sabir Rüstəmxanlını tanıdığım qədəriylə qohumuna da bağışlamaz. Yəqin ki, Sabir Rüstəmxanlı danışarkən bilməmiş olmazdı o parka nəzarət kimdədir. Hər halda ziyalıdır, xalq şairidir, qalaq-qalaq əsərləri var. Bunları bilən biri parkın kimə aid olduğunu bilməzmi Musa müəllim? Gördünüzmü bilirmiş…
Amma Musa müəllim məsələnin mahiyyətini qohumluq bağlarıyla qarışdırdı…
Ciddi mövzuya qohumbazlıq təfəkkürü ilə yanaşmaq sadəcə və sadəcə məmur vəkilliyindən irəli gələn həvəs ola bilər. Bu həyatda evlənmək və ailə sahibi olmaq kimi təbii hadisə yoxdur. Bunu Sosial Siyasət Komissiyasının üzvü olan Musa müəllim yaxşı bilir. Özü də həkimdir, çox vaxt da süni mayalanma, abortlarla bağlı fikirlər bildirir. Süni mayalanmaya ya da surrogat ana (daşıyıcı) ya qarşı çıxırlar. Onlar bilir ki, birinin uşağı digərinin uşağı ilə evlənə bilər. Evlənməlidir də. İndi Kimin kiminlə qohum olmağı sizi məsələnin mahiyyətindən daha çox narahat edirsə, bu başqa ruh halıdır.
Tutaq ki, Sabir Rüstəmxanlı Ziya Məmmədovun qohumudur və qohumluq bağları var. Bəs Musa müəllim, sizi Gəncə şəhər İcra Hakimiyyəti ilə hansı bağlar bağlayır? Siz onların nəyisiniz? Siz niyə məsələni bu qədər kəskin qarşıladınız? Yox, əgər Gəncədən seçilən millət vəkili kimi danışırdınızsa, Sabir Rüstəmxanlıya “kəsək” atmadan əvvəl bir telefonu götürüb İcra Hakimiyyətinin başçısından soruşardınız, nolar ki, bilməmək ayıb deyil. Dəqiq məlumat alardınız sonra atardınız o kəsəyinizi. Hərçənd ki, rahon haqqında məlumatınızın olmaması birçox şeylərdən xəbər verir artıq.
Birinə, həm də bir ziyalıya “kəsək” o zaman atarlar ki, onunla müzakirəyə girə bilmirsən. Çünki söz və fikir ustaları ilə onların dilində danışmaq çox çətindir. Dərhal daş-qalaq…
Arxadan atılan daş topuğa dəyər, Musa müəllimin atdığı “kəsək” isə dağın ətəyində bir çınqıl kimi görünür. Özüdə ki, arxadan atılan. Ziyalılara bu münasibət hər dövürdə olub, təbiidir bu. Özünün fikri olmayan insanlar hər zaman başqalarının fikir və düşüncələrinə düşmən və qərəzli yanaşır. İşimlə bağlı millət vəkillərinin çoxunu tanıyıram. Məclisdə varlığı hissolunmayanları demirəm, amma var olanlardan gedir söhbət. Musa Quliyevi (Urud) yaxşı tanıyıram, əslində pis insan deyil və nə vaxt da verilişimə çağırmışam gəlib. Çünki mediaya açıq insandı. Verilişə də gələndə ümumi fikirlər deyib, heçkimin xətrinə dəymir sağolsun. Öz mövqeyini, düşüncəsini bildirmək yerinə, neçə deyilməlidir elə də deyir. Yəni bir məmurun dediklərini və deməli olduqlarını. Məmurlar anlaşılandır. Onların bir məcburiyyətləri var. Amma Millət vəkilliyi statusu tamam başqa şeydi. Millət vəkili məmur deyil. Adından da bəlli olduğu kimi millətin sözçüsüdür. Millətin demək istədiyini deməli, millətin fikirlərini dinləməli və onları bir növ təmsil etməkdir. Təbii ki, siyasi baxımdan başqa tərəfləri də var. Amma siyasi baxımdan naəlac qalanlar barı işin mənəvi, içtimai yükünü daşımalıdır. Bunları eləmək üçün isə özünü xalqın bir hissəsi hesab etməlidir. Onlardan ali, özünü xalqdan yüksək görməməlidir. Məmur zehniyyətində olmamalıdır. Zamanında millətlə yan yana olmalı, lazım olanda öndə, gərəkdiyində isə arxa planda olmalıdır.
Məclisimizdə vəkil olmağa çalışan və bəlkədə hardasa buna nail olan millətin vəkilləri var. Amma təəssüf ki, məmurların vəkilliklərini edənlər isə biraz onlardan çoxdu. Belə olanda da Hansısa ölkə və tarixi əhəmiyyətli məsələləri gündəmə gətirən vəkillərin sözləri daş olur və onlara atılmış kimi qəbul olunur. Bu yerdə də dərhal məmur vəkilliyi hissi özünü göstərir və əks hüçüm instinqi baş qaldırır. Dərhal kəsək atmaq lazım olur. Amma arxadan…
Məclisdə bir neçə millət vəkilləri var ki, ən azından öz fikirlərini deyə bilirlər. Buna həm təfəkkürləri, həm statusları həm də təcrübələri imkan verir. Və bizim kimi televiziya jurnalistlərinin ekspert qismində efirə dəvət edib fərqli fikirlər eşidə biləcəyimiz insanlardır. Amma təəssüf ki, Musa Quliyev işini görən, öz fikirləri olan həmkarlarına qarşı gözlənilən münasibət göstərir.
Musa müəllim dərhal “kəsək” atmağa tələsməyin. Sizin timsalınızda özünü iqtidarın bir hissəsi sayan millət vəkillərinin və məmurların nəzərinə çatdırım ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tarixə keçəcək bir sərəncam imzalayıb. Həmin sərəncam 2014-cu ildə Azərbaycan Cümhuriyyətinin banisi, Müsavat Partiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin dövlət səviyyəsində keçirilməsi ilə bağlı olub.
Musa müəllim, bəs ölkə prezidenti bu şəxsə belə önəm verdiyi halda, siz bir millət vəkili olaraq hansı işi gördünüz? Rəsulzadə ilə bağlı seçildiyiniz rayonda hansı təşəbbüslə çıxış etdiniz?
Yanan binadan sonra millət vəkillərindən adını çəkdiklərimizdən başqa digərlərini ağzından söz eşitmədim. Bununla da məclisdəki vəkillərinin bir çoxu məmurların vəkili olduğunu bir daha sübut etdi.
Müxalifət olmaqla azad fikir və söz deməyi qarışdıran istər məmurlar, istərsə də vəkillər bu incə çizgini ayırd etməyi bacarmalıdır. Sabir Rüstəmxanlı bir siyasi partiya sədridir və məclisdə də millət vəkilləri ilə təmsil olunur. Millətin acısını paylaşmaq, dərdinə şərik olmaq da müxaliflikdir? Müxalif fikirlər eşitməkdən qorxmuyun. Çünki, bu müxalifətçilik deyil, bu içtimai nəzarət, qınaqdır. Heçbir cəmiyyət ideal deyil. Məmur özbaşınalığı hər yerdə var. Bunu da düzəltməyin bir yolu var. İçtimai nəzarət. Əgər bu da pisdirsə, müxalifətçilikdirsə o zaman başqa bir faktı diqqətinizə çatdırım.
Bunu da Musa müəllimin timsalında hamının nəzərinə çatdırıram.
Cənab Prezidentin yanan binadan sonra Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul zamanı söylədiyi nitqdən xatırlatma etmək istəyirəm. Bəlkə tam dəqiq olmaya bilər, amma çalışdım ki dəqiq cümlələri tapım.
Sitat: \”… Mən burada ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd etmək istəyirəm. Mən bu barədə dəfələrlə fikirlərimi bildirmişəm. Bir daha demək istəyirəm ki, bu, mənim çox səmimi fikirlərimdir. İctimai nəzarət olmasa ölkəmiz uğurla inkişaf edə bilməz. Bir adam – Prezident, yaxud da ki, rəhbər işçilər hər bir sahəni daim diqqət mərkəzində saxlaya bilməz. Ona görə, bəzi hallarda qanunsuzluqlar, qanun pozuntuları, sosial ədalətin pozulması halları baş verir. Bu, bizi çox üzür. Biz buna yol verə bilmərik. Bunun qarşısını almaq üçün mütləq çox güclü ictimai nəzarət olmalıdır. Belə olarsa, o zaman işlər daha da sürətlə gedər və xoşagəlməz halların aradan qaldırılması üçün yeni bir mexanizm yarana bilər. Burada əlbəttə ki, dövlət idarəetmə prinsiplərində ciddi islahatlar aparılmalıdır və eyni zamanda, ictimaiyyət də daha fəal olmalıdır. Biz bunu son vaxtlar görürük. Bizim ictimaiyyət hər hansı bir yerdə qanunsuzluqlar, pozuntular, ədalətsizliklər baş verdikdə dərhal reaksiya verir. Mən bunu alqışlayıram. Bu, bizə kömək edir. Bu canlı bağlantı daim olmalıdır və güclənməlidir…\”
Milli məclisdə Sabir Rüstəmxanlının da elədiyi məhz həmin ictimai nəzarətdir. Və bizim hamımız bunu etməliyik. Tək Sabir bəy yox. Bu ölkə, bu vətən hamımızındı.
\”Bu filankəsin işidir, bu isə mənim” deməklə binaları yox, özümüzü \”yandırarıq.\”
İnterpress.az