Türkiyə azərbaycanlıları bunu Azərbaycanın qeyri-maddi mədəni irsinin oğurlanması kimi dəyərləndirirlər. “İstənilən halda, xoş niyyətlə oxumurlar. Bir neçə il keçəndən sonra iddia edəcəklər ki, bu, kürd mahnısıdır”,- Türkiyədə yaşayan Təbriz adlı azərbaycanlı gənc anspress-ə bildirib.
Təbrizin dediyində gerçək var. Məsələn, bir neçə il qabaq yezdi kürdü Vle Haloyan Azərbaycanın qədim “Dilbərim” mahnısını kürdcə oxumuşdu. Daha sonra İbrahim Tatlısəs onu kürd mahnısı adı altında Türkiyədə təqdim eləmişdi. Azərbaycan icması mahnının bizə məxsusluğunu isbatlamaq üçün xeyli səy göstərmişdi.
Azərbaycanın “Sarı gəlin” mahnısını bir neçə il qabaq türkiyəli müğənni Sezan Aksu da ermənicə oxumuşdu. O, təqdimatda mahnını Azərbaycan xalqına məxsus olduğunu bildirməmişdi. Həmin vaxt Azərbaycan musiqiçi və sənətkarı, tanınmış virtuoz balaban ifaçısı Əlixan Səmədov türk sənətçiyə məktub yazaraq təqdimatı düzgün etməyi tövsiyyə etmişdi.
Anspress-in əməkdaşı ilə söhbəti zamanı Əlixan Səmədov bir daha bu məsələyə önəm verməyin vacibliyini vurğulayır: “Bu mahnının başqa xalqlar tərəfindən öz dillərində ifa olunması heç də cinayət hesab olunmur. Amma xalq mahnımızı digər xalqlar müəllifi gizlədilərək və yaxud da özününküləşdirilərək ifa edə bilməz. Bax bu zaman biz mütləq tədbirlər görüb qarşısını almalıyıq.”
Bu halın baş verməməsi üçün öz milli mənəvi sərvətlərimizi istər ölkə daxilində, istərsə də xaricində qorumalıyıq. Bunun üçün səfirliklərimiz olan ölkələrdə sırf bu işlə məşğul ola biləcək şəxslər təyin olunması və həmin çəxslərin bu məsələləri ciddi nəzarətə götürməsini təklif etmək olar.
Bundan savayı harda və hansı dildə ifa olunmasından asılı olmayaraq, bunların bizə məxsus olması mütəmadi olaraq qeyd olunmalıdır və insanların beyinlərinə, şüuraltılarına yeridiməlidir. Axı bunlar bizim mədəni irsimizdir. Gəlin birlikdə milli mədəni irsimizi qoruyaq və ona sahib çıxaq. (anspress)
İnterpress.az