Bu şəkil Salyan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimova aitdir. Tahir müəllimin bu şəkli hansısa mərasimdən, yoxsa ənənəvi iş günlərindən birində çəkdirdiyi bizə məlum olmasa da, görünən mənzərə heç də ürək açan deyil. Bizə bir anlıq feodal dövründəki xanlıqların hakimiyyətini, ya da Şimali Koreya Respublikasının rəhbəri Kim Çen Innı xatırladır. Əgər bu şəkil mərasimdən çəkilibsə o zaman ətrafda insanlar niyə yoxdur?
Xatırladaq ki, 9 illik icra başçısı vəzifəsi bu adama öz biznes imperiyasını qurmağa geniş imkanlar açıb.
İnterpress.az-ın verdiyi xəbərə görə, o, 2006-cı ildən 2011-ci ilə qədər Daşkəsən rayonunu icra başçısı olub. 2011-ci ildən Salyan rayonunun icra başçısı təyin edilib.
Azərbaycanın bölgələrinə rəhbərlik edən bəzi icra başçıları artıq Xan statusunu əldə ediblər. Tahir Kərimov da onlardan biridir.
Böyük bir rayona rəhbərlik edən bu şəxs, ötən əsrin 90-cı illərində kriminal aləmdə “Zəli Tahir” ləqəbi ilə məşhur olub. Qohum sarıdan bəxti gətirən T.Kərimovun kriminla aləmdə tanınmasında öz “bacarığı” deyil, yaxın qohumu – dayısı “Fırtına” ləqəbli Həsən böyük rol oynayıb.
T.Kərimov Salyana icra başçısı təyin edildikdən az sonra Muğan düzündə min hektarlıq bir ərazini əhatə edən təsərrüfat saldırıb. Bu torpaq ayrı-ayrı Salyan sakinlərinə məxsus olsa da, başçı onlara aid sərəncamları ləğv etdirərək ərazini ələ keçirib. İçindəki fermanın tikintisi il yarım davam edib. Mənbə deyir ki, 15 kilometr uzaqlıqdan – Akuşa çayından yatağa çəkilən su kanalının smetası 2 milyon manatdan çox olub. Qəribədir ki, icra başçısının şəxsi obyektinə çəkilən su kanalının tikintisində dövlətin texnikasından istifadə olunub. Belə ki, Əhməd Əhmədzadənin rəhbəri olduğu Meliorasiya və Su Təsərrüfatı ASC-nin 5-6 texnikası burda il yarım işlədilib. Mənbə deyir ki, hazırda fermada 2 min başdan artıq qoyun, 40-50 baş iri buynuzlu mal-qara saxlanılır. Başçının Salyandakı təkcə bu fermasının dəyəri, içindəki mal-qara ilə birlikdə, bir neçə milyon manatla ölçülür.
Salyanda dövlət büdcəsinin talanması rayonda satınalmalar üçün tender keçirilməməsi ilə bağlanır. Gizli keçirilən qondarma müsabiqələrdə isə Tahir Kərimovun özünə və ya onun “xeyir-dua verdiyi” hansısa başqa dövlət məmurlarına aid olan şirkətlər “qalib” gəlir. Bu işləri düzüb-qoşan Salyan rayon Maliyyə Şöbəsinin müdiri, icra başçısının qardaşı Mahir Kərimovdur.
Tahir Kərimov Daşkəsəndə icra başçısı işlədiyi dönəmlərdə də eyni “fəaliyyətlə” məşğul olub.
T.Kərimovun qardaşının sahibi olduğu 74 şirkət 2010-2013-cü illərdə nə az, nə çox – 563 dövlət satınalma prosedurundan qalib çıxıb. Həmin satınalmalar üzrə müqavilələrin toplam məbləği təxminən 9 milyon manat edir.
Tahir Kərimovun yalnız Salyanda deyil, eləcə də Qusarda böyük biznes mərkəzləri var. Azərbaycanın müxtəlif bölgələrində geniş biznes strukturlarının sahibi olan icra başçısı 2010-cu ildə Qusar rayonunda 1 hektar ərazidə tikilən və sonradan ərazisi 3 hektara qədər genişləndirilən, təxminən 1 milyon manata başa gələn “Alpin-Qusar” istirahət mərkəzinin sahibidir.
Kərimovlar ailəsinin Qusarda üst-üstə 20 hektardan artıq alma-üzüm bağları da var. Tağıyev (Nasosnı) qəsəbəsində yerləşən balıq hisə vermə zavodu da Kərimovun ailə müəssisəsidir. Eyni zamanda Xudatdakı balıq zavodu da T.Kərimova məxsusdur.
Başcı olduqdan sonra Kərimovun 100 hektarlarla əkin sahəsinə, böyük fermalara, istixanalara, balıqçılıq təsərrüffatlarına, restoranlara sahib olub.
Salyan rayon idarəçiliyində müəmmalı məqamlardan biri də rayon Telekommunikasiya Qovşağının rəisi Faiq Kərimovla bağlıdır. Faiq Kərimov Salyanın icra başçısı Tahir Kərimovun qohumudur. Tahir Kərimov Daşkəsəndən Salyana icra başçısı təyin olunan zaman qohumu Faiq Kərimovu da özü ilə gətirib: “Faiq Kərimov həmçinin rayondakı kohnə ATS-lərin avadanlığını darmadağın edərək zərgərlik sexlərinə satıb.
O, istilikxanaya öz adamı olan Pənah adlı şəxsi yerləşdirməklə tonlarla metal satışını həyata keçirən F.Kərimovun rayondakı 4 istilikxananı tamamilə dağıtdığı deyilir. Daha sonra Su İdarəsinə yerləşdirlilən Pənah rayonda” xüsusi su rejimi” yaradıb. Hazırda rayonda çox az sayda ailə var ki, sayğacla su pulu ödəyir. Sayğacı olmayan mənzil sahibləri isə verilməyən suya görə pul ödəyir. Pənah adlı şəxsə Qarabag Əlliləri üçün nəzərdə tutulmuş binadan 3 otaqlı mənzil də verilib.
İddia edilir ki, ARDNŞ rəhbəri Rövnəq Abdullayevin yaxın adamı olduğu üçün özünü güvənli, arxalı hiss edən Tahir Kərimovun kəsdiyi basin səsi çıxmır.
Hazırda Tahir Kərimovun oğlu Həmzə Kərimov ARDNŞ-nin Rumıniya nümayəndəliyinin rəhbəridir.
Sonda onu da bildirək ki, fotonu müzakirə etməyi oxucuların ixtiyarına buraxırıq.
Abuzər Azəroğlu
P.S: Qarşı tərəfin də mövqeyini verməyə hazırıq