Məlum fərmana əsasən hər iki qurum Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılacaq.
Məlumdur ki, bu oxşar model dünyanın inkişaf etmiş bir çox dövlətlərində fərqli formalarda tətbiq olunmaqdadır. Məsələn, ABŞ-da Milli Təhlükəsizlik Xidməti (FBİ) və Mərkəzi Kəşfiyyat Xidməti (CİA) bir- birindən müstəqil şəkildə fəaliyyət göstərir. FBİ Amerikanın daxili kəşfiyyat və təhlükəsizliyini, CİA isə xarici dövlətlərlə bağlı kəşfiyyat bilgilərini toplayan qurumdur.
Bu gün ölkə başçısı tərəfindən verilən fərman da sözügedən ölkələrdə tətbiq olunan oxşar modellərə əsaslanır.
“Qafqazinfo” bu məqamda yeni yaradılan qurumun Azərbaycana nə kimi müsbət töhfələrinin olacağını araşdırıb.
Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl “Qafqazinfo”ya açıqlamasında bildirib ki, sözügedən fərmanda yenilik ondan ibarətdir ki, xarici təhlükəsizlik xidməti Milli Təhlükəsizlik Nazirliyinin nəzdindən ayrılıb: “Bir neçə il əvvəl də biz ekpert kimi bildirmişdik ki, xarici kəşfiyyata müstəqillik vermək lazımdır. Azərbaycan elə regionda yerləşir ki, müstəqil formada kəşfiyyat strukturunu şaxələndirmək, artırmaq, bu sahədə professional mütəxəssislər yetişdirmək çox vacibdir. Bu quruma müstəqillik verilməsi yaxşıdır. Milli Təhlükəsizlik Nazirliyinin isə adı dəyişdirilərək Dövlət Təhlükəsizlik Xidməti adlandırılıb”.
Milli Məclisin Təhlükəsilik, müdafiə və korrupsiya qarşı mübarizə komitəsinin üzvü Fərəc Quliyev isə qeyd edib ki, bu model bir çox mütərəqqi ölkələrin təcrübəsində var: “Həm vəzifələrin konkretləşməsi, çeviklik, həm də davranışların sərbəst olması baxımından bu model daha uyğun sistemdir. Hamı hər şeylə məşğul olmur. Konkret olaraq hədəflər məlum olur. Görülən işlərin bölgüsü daha da konkretləşəcək. Mobil bir qurum olacaq. Bütün dünya bu cür davranır. Yeni və ya əvvəl işləmiş çox bacarıqlı kadrlarla bu işin qurularaq daha yaxşı insanlarla təmin olunması vacibdir. Hesab edirəm ki, artıq əvvəlki buraxılmış səhvlər olmayacaq”.(qafqazinfo)
İnterpress.az