mma 2015-ci il heç də ürəkaçan hadisələrlə yaddaşlarda qalmayacaq. İlin əvvəlindən başlayan neftin qiymətinin aşağı düşməsi və devalvasiya ilin sonunda daha ciddi xarakter alıb. Neft gözləniləndən də çox aşağı qiymətə satılır və ölkədə ikinci devalvasiya baş verib.
Bəs, bu il qanunverici orqan olan Milli Məclisin komitələri üçün nə ilə yadda qaldı?
Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli qeyd edib ki, 2015-ci il onların fəaliyyətində Avropa Oyunları ilə yadda qalıb. “Avropa Oyunlarının qanuni tənzimlənməsini həyata keçirdik və qanun qəbul edildi. Eyni zamanda, bir sıra qanunlara əlavə və dəyişikliklər edildi. Bu il üçün ən böyük hadisə isə bizim əvvəlki komitə üzvlərinin hamısının noyabrın 1-də keçirilən seçkilərdə yenidən seçilməsi oldu”.
Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, 2015-ci il onlar üçün uğur uzun illər işlənilən, bu günlərdə qəbul edilən “Kooperasiya haqqında” qanunun birinci oxunuşdan keçməsidir: “İnşallah, gələn ilin fevral və mart ayında qanun tam qəbul olunacaq. Eyni zamanda, komitədə bir sıra qanunlara çoxlu əlavə və dəyişiklər də etmişik”.
Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvi Zahid Orucun sözlərinə görə, 2015-ci ildə komitədə bir neçə qanuna dəyişiklik müzakirəyə çıxarılıb: “Hərbi xidmət və hərbi vəzifə haqqında” qanuna, hərbi qulluqçuların statusuna əlavə müddəalar daxil olunub. Bu il hərbi qulluqçuların həyatının itirdiyi zamanı dəfn mərasimlərinin təşkili ilə bağlı əsasnamə tamamilə təkmilləşdirilib. Amma belə götürsək, ciddi yadda qalan qanun layihəsi və iş olmayıb. Təəssüf edirəm ki, bu il də “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi gündəliyinə daxil edilmədi. Bu səbəbdən hərbi qulluqçuların statusunu yaxşılaşdırmaq üçün ata biləcəyimiz bir sıra addımlar bu il də qaldı”.
Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyevanın sözlərinə görə, bir il ərzində komitə səmərəli iş görüb: “Sahə qanunları ilə bağlı layihələr də Mədəniyyət komitəsinin gündəliyinə çıxarılıb. Mədəniyyət sahəsi sırf dar çərçivədə nəzərə alınmamlıdır. Cəmiyyətin həyatının bütün sahələri mədəniyyətin içərisindən gəlib keçir və ya mədəniyyət cəmiyyətin bütün sahələrini əhatə edir. 2016-cı il dövlət büdcəsinin istər komitələrdə, istərsə də plenar iclaslarda müzakirəsi zamanı mədəniyyət sahəsinə ayrılan vəsaitin səmərəli istifadəsi və ehtiyac duyulan sahələrə ayrılması ilə bağlı təkliflər səsləndirilib, hökumət üzvləri tərəfindən də təkliflərimiz qəbul edilib.
Bu il həm yeni parlament formalaşıb, komitənin yeni tərkibi müəyyənləşib. 2016-cı ildə də çalışacağıq ki, mədəniyyət, istərsə də digər sahələri əhatə edən qanunların qəbul edilməsinə nail olaq”.
İnsan hüquqları komitəsinin üzvi Fazil Mustafa bildirib ki, 2015-ci ildə xüsusi qanun layihələrinin qəbulu olmayıb və onlar daha çox digər komitələrdə müzakirə olunan qanun layihələrində insan hüquqları ilə bağlı məsələlərə rəylər veriblər: “Ona görə də hansısa konkret i qanun layihəsindən söhbət etmək olmur”.
Elm və təhsil komitəsinin üzvi Ağacan sözlərinə görə, 2015-ci il “Təhsil haqqında” qanuna dəyişiklər edilməsi və “Elm haqqında” qanunun müzakirələri ilə yadda qalıb. “Bu iki qanun layihəsi olduqca vacibdir və komitənin bu istiqamətdə apardığı işlər yadda qalan olub”.
Regional məsələlər komitəsinin üzvi Tahir Rzayev bildirib ki, 2015-ci ildə torpaq qanunvericiliyinə aid bir çox sənədlərə, kənd adlarının, bələdiyyələrin tərkibinin dəyişdirilməsi ilə əlaqədar bir çox qanunvericilik aktlarına baxılıb:
“Digər komitələrlə birlikdə bir çox qanun layihələri müzakirə edilib. Eləcə də, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan olan Ədliyyə Nazirliyinin hesabatı, 2016-cı ilin büdcə layihəsi dinlənilib. Yeni qanun layihələrinə isə gələn il baxılacaq”.(modern)